Paşinyan hökuməti sülh sazişinin imzalanması üçün səylərini artırır: Ermənistan anlayır ki…

image-stftffgfjpg-1732878212backend

Ermənistanda revanşizm əhval-ruhiyyəsi artmaqdadır.

Son günlər Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması, Hindistandan alınan raketlər, Yunanıstanın “S 300” raket komplekslərini Ermənistana vermək niyyəti ilə bağlı xəbərlər, yeni müharibəyə hazırlıq görülməsi ehtimalları da revanşizmin güclənməsinin bariz əlamətləridir. Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görür ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət gündən-günə pisləşir, Rusiya isə irəliləyir. Buna görə də Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.

Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Avropa İttifaqının “müşahidə missiyası”nın Azərbaycan barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də İrəvanın cəsarətləndirir. Nəticə etibarı ilə Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına gətirib çıxarır. Bununla paralel Nikol Paşinyanın reytinqi də getdikcə aşağı düşür. Görünür, məhz bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı yaranıb. Ermənistan hakimiyyəti bu “yeniliyi” hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa “qələbə” qazanmaqda görür.

Busaat.az xəbər verir ki, Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a bildirib ki, Ermənistanın Fransa, Hindistan kimi ölkələrdən silahlar alması İrəvanda belə bir ümid yaradır ki, bu yolla öz təhlükəsizliyini təmin edəcək.

Onun sözlərinə görə, Ermənistan yaxşı başa düşür ki, bütün hallarda Azərbaycanla hərbi hərbi müqayisəsi qeyri-mümkündür:

“2020-ci ildə də Ermənistan dəfələrlə bizdən geri idi. Ötən 4 il ərzində Azərbaycanın hərbi xərcləri Ermənistandan 2.5-3 dəfə çox olub. Aradakı fərq kifayət qədər artıb. Bunu Ermənistan yaxşı başa düşür. Əslinə qalsa indiki məqamda hərbi xərclərə bu qədər vəsait ayırmağın heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistanın hərbi müstəvidə Azərbaycana çatma, yaxınlaşma ehtimalı demək olar ki, yoxdur. O baxımdan bu siyasət yanlışdır. Amma görünür ki, daxili auditoriyanı sakitləşdirmək üçün bu cür addımlar atılır. Fransa və Hindistan isə erməniləri silahlandırmaqla Ermənistana daha çox yaxınlaşırlar. Ermənistan bir növ rüşvət verərək tərəfdarlarını fəallaşdırmağa çalışır”.

Müsahibimiz hesab edir ki, indiki şəraitdə İrəvanın güc mövqeyindən danışması, hərbi ritorikanı artırması mənasızdır. Avropa İttifaqının “mülki missiyası” da artıq öz işini başa vurub. Müddət yəqin ki, artırılmayacaq. Çünki nə qədər məlumat toplamaq mümkün idisə, toplayıblar. Artıq Ermənistan ərazisində qalmasına ehtiyac yoxdur.

A.Səmədov əlavə edib ki, Ermənistan hərbi cəhətdən zəif olduğunu yaxşı başa düşür və ona görə də sülh sazişinin imzalanması üçün səylərini artırır:

“Hətta yarımçıq sülh sazişinin imzalanmasını da mümkün sayır və təklif edir ki, razılaşdırılmamış bəndlər qalsın və yerdə qalan maddələri “sülh sazişi” adı altında imzalayaq. Bu, onu göstərir ki, Ermənistan yaxşı anlayır ki, bütün hallarda onun Azərbaycanla hərbi qarşıdurmaya getmək şansı yoxdur. Üstəlik Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Nə Hindistan, nə də Fransa Ermənistana bu qədər yaxındır”.

Abutalıb Səmədov: Bütün hallarda Ermənistanın Azərbaycanla hərbi qarşıdurmaya getmək şansı yoxdur

Siyasi şərhçi güman edir ki, ABŞ-nin yeni prezidentinin fəaliyyətə başlaması ilə danışıqlar bir qədər də sürətlənəcək. Qısa müddət ərzində yerdə qalan razılaşdırılmamış maddələr üzərində də razılıq əldə olunacaq.

“Ermənistan rəhbərliyi Konstitusiyanı dəyişdirmək və seçkilərə getmək niyyətindədir. Paşinyanın reytinqi düşsə də, yenə də Ermənistanda ən populyar siyasətçi odur. Hələ də planlarını reallaşdırmaq imkanları qalmaqdadır. Bunun üçün Azərbaycanla normal münasibətləri qurulmalıdır. Ermənistandakı siyasətçilərin bir çoxu bunu anlamasa da, Baş nazir reallığı gözəl dərk edir. Hesab etmirəm ki, Ermənistandakı revanşist cəhdləri, müharibə çağırışlarını hökumət dəstəkləyir”, – deyə Abutalıb Səmədov əlavə edib..

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki