Sosial şəbəkələrdən “Qarabağ” azarkeşi kimi tanıdığımız blogger Nuray Muxtarovanın Offsideplus.az-a müsahibəsi…
– Nuray xanım, nə vaxtdan “Qarabağ”a azarkeşlik edirsiniz?
– 2009-cu ildən futbola baxıram. Bundan sonra da “Qarabağ”a sevgim yarandı.
– Sizdə futbola bu qədər sevginin olmasının səbəbi nədir?
– Kiçik yaşlarımdam futbolu sevirəm. Düzdür, digər idman növlərinə də marağım var, amma futbol mənim üçün tam başqadır.
– “Qarabağ”ın avrokuboklardakı oyunları zamanı sizi stadionda görmüşük. Bəs ölkə çempionatının oyunlarında komandanızı dəstəkləməyə gedirsiniz?
– Çalışıram ki, tək avrokubok oyunlarına yox, yerli çempionat matçlarına da gedim. Hər zaman sevimli komandamın yanında olmaq istəyirəm. Bundan sonra da tez-tez ölkə çempionatının görüşlərinə gedəcəm.
– “Qarabağ” Avropa Liqasının 6-cı turunda “Frayburq”la heç-heçə etdi və Konfrans Liqasına vəsiqə qazandı. Sizcə, bu matçda komandamızda nə çatmadı?
– Komandamız bu matçda əlindən gələni etdi. Hakim səhvləri, verilməyən penalti oyunun taleyinə təsir etdi. İndi gələcəyə baxmaq lazımdır. Doğma klubuma Konfrans Liqasında uğurlar arzulayıram.
– “Qarabağ”ın heyətində bəyəndiyiniz futbolçu var?
– Komandanın heyətində bütün futbolçuları bəyənirəm. Amma Qara Qarayevə daha çox simpatiyam var. Bu oyunçunu xarizmatik hesab edirəm.
– Futbolçu dostlarınız var?
– Bəli, Nəriman Axundzadə və Ovusu Kvabena ilə dostluq edirəm. Nərimanla imkan tapdıqca görüşürük.
– Hansısa futbolçudan evlilik təklifi alsanız, qəbul edərsiniz?
– Bu, biraz çətin sual oldu. Amma Qara Qarayevin təklifini qəbul edərdim.
– Müsahibənizin əvvəlində dediniz ki, 2009-cu ildən futbolla maraqlanırsınız. Bəs hansısa xarici milli komandaya və kluba azarkeşlik edirsiniz?
– Xeyr, heç bir milli komandanı dəstəkləmirəm. Avropadan “Barselona” və “Fənərbağça”ya azarkeşlik edirəm.
– Xarici futbolçulardan xarizmatik hesab etdiyiniz futbolçu var?
– Lionel Messi mənim üçün nömrə birdir. “Fənərbağça”dan isə Arda Güler və “Başakşəhər”dən Məsut Özili çox bəyənirəm. Arda gənc olsa da, çox perspektivli oyunçudur.