“5 il, 10 il, 15 il bilmək olmaz, lakin gec-tez Rusiya SSRİ kimi bölünmə ilə üz-üzə qalacaq”.
Bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyakın “Rusiya imperiyasının süqutunu görəcəksiniz. Eyni zamanda, Rusiyada başqa bir dövlətin yaranmasını gözləyə bilərik” açıqlamasına münasibət bildirən siyasi şərhçi Turan Rzayev Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, Podolyak həmin ifadələri mövcud şərtləri və Rusiyanın işğalçı siyasətini nəzərə alaraq deyib:
“Proseslərə daha geniş müstəvidən baxdıqda Podolyakın sözlərində həqiqət olduğu müşahidə edilir. Prinsip etibarilə Rusiya tarixdə bir neçə dəfə parçalanıb. Yaxın tarixdə SSRİ-nin parçalanmasını misal gətirə bilərik. ABŞ və Qərbin sanksiyalarından sonra Əfqan müharibəsilə SSRİ iqtisadiyyatı tamamilə çökdü. Nəticə olaraq SSRİ parçalandı və 15 respublika müstəqil oldu.
SSRİ-nin parçalanma prosesi indiki Rusiyanın üzləşdiyi problemlərlə bənzərdir. ABŞ faktiki olaraq Rusiyanı Ukrayna bataqlığına çəkə bildi. Rusiyanı Ukrayna bataqlığında məhv etməyə çalışılacaqlar. Gücünü, regionda təsir imkanını itirmək istəməyən Rusiya ABŞ-ın planı olan Ukrayna ilə müharibəyə başladı. 2023-cü ildə də müharibənin davam etməsi gözləniləndir. Putinin gələn il Ukraynaya genişmiqyaslı hücumlarının başlanacağı proqnoz edilir.
Qərbin Ukraynaya dəstəyi dayanmır. Zelenskinin ABŞ-a səfərindən sonra Konqresdə Ukraynaya Patriot raketlərinin, maliyyə yardımın verilməsi ilə bağlı qərar qəbul olundu.
Rusiyanın gələcəyi ilə bağlı iki ssenari fikirləşmək olar: Rusiya daxilində “Yeltsin” hadisəsinin təkrarı – yəni Kreml daxilində Putinə qarşı çevrilişlərin olması, digər və daha təhlükəli senari isə Rusiyanın parçalanmasıdır.
Rusiya daxilində bir neçə federal bölgə var – Dağıstan, Çeçenistan, Tatarıstan və.s. Bu ərazilər müstəqillik istəyir. Kadırov hakimiyyətinin sonlarıdır. Qərbin Çeçenistana dəstəyi ilə həmin ərazilərdə müstəqillik hərəkatı başlaya bilər. Bu səbəbləri nəzərə alaraq Rusiyanın gələcəkdə bölünməsinin real proqnoz olduğunu müşahidə edə bilərik.
İndi olmasa belə Rusiyanın bölünməsi mümkündür. 5 il, 10 il, 15 il bilmək olmaz, lakin gec-tez Rusiya bölünmək ilə üz-üzə qalacaq. SSRİ üçün Əfqanıstan müharibəsi nə idisə, Rusiya üçün də Ukrayna müharibəsi odur”.
Busaat.az/Ələsgər