Bir neçə gün əvvəl Qarabağdakı separtaçıların lideri qondarma dövlətin “dövlət naziri” Ruben Vardanyanı “vəzifə”sindən azad etdiyini açıqladı. Bu qərar iki mötəbər hadisənin fonunda baş verdi.
Birincisi, Ruben Vardanyan öncə Qarabağdan Rusiyaya qaçdı, ardınca isə Moskvadan yenidən “təyinatlandırılaraq” bölgəyə geri qaytarıldı. İkincisi, Azərbaycan Republikasının Prezidenti İlham Əliyev Vardanyanın Qarabağa gəldiyi ilk gündən onun xüsusi məqsədlə bölgəyə göndərildiyini ifşa etdi, daha sonra da Vardanyanı heç vaxt Qarabağla bağlı məsələlərdə tərəf kimi qəbul etməyəcəyini bildirdi. Bu amil ilk gündən “Vardanyan planı”nın uğursuzluğunun carçısı idi…
Digər bir maraqlı məqam isə, “ermənilərin xilaskarı” kimi bölgəyə gələn Ruben Vardanyanın qələminin elə separatçıların lideri tərəfindən qırılması idi. Araik Arutyunyan erməniəsilli rus milyarderin bölgəyə gəldiyi ilk zamanlarda onu xoş qarşılamış, hətta onu “dövlət naziri vəzifəsi”nə qədər yüksəltmişdi.
Bəs görəsən necə oldu ki, “xilaskar” Vardanyan birdən-birə hədəfə çevrildi?
Düzü hadisələr birdən-birə baş vermədi. Azərbaycan dövləti Ruben Vardanyanın bölgəyə gəldiyi ilk anlardan təhlükələrdən xəbərdar idi. Bakıda yaxşı başa düşürdülər ki, Ruben milliyətcə ermənidir və rus vətəndaşı olmaqla yanaşı, Rusiya siyasi elitasına çox yaxındır, bunun sayəsində də sərvətinə sərvət qatmış milyarderlərdən biridir. Yəni rəsmi Bakı tək “Vardanyan planı” ilə həm seperatçılara, həm də Moskvaya qarşı mübarizə aparmalı olacağını bilirdi. İrəvanın “Vardanyan planı” ilə əlaqəsinin olub-olmaması isə, hələ də sirli boxça kimi öz gizliliyini qorumaqdadır. Amma açığı İrəvanın Vardanyandan hansısa fayda gözləyəcəyi inandırıcı görünmür. Qısası, tək “Vardanyan planı” Azərbaycanı Rusiya və Qarabağdakı separatçı rejimlə riskli qarşıdurmaya məcbur qoyurdu.
Ona görə də Bakı ilk gündən Vardanyanın bölgədə artıq və arzuolunmaz şəxs olduğunu ön plana çıxardı və onun Qarabağ probleminə qarışmasını əngəllədi. “Vardanyan planı” əvvəlcədən ifşa edildi və gözləntilər özünü doğrultmadı.
Separatçılar Vardanyanın gəlişinə sevinmişdi. Çünki siyasi zəkası ortalamanın altında olan Araik elə düşünürdü ki, Rusiyanın bu həmləsi Qarabağ ermənilərinə olan sevgidən irəli gəlir. Rəsmi İrəvan isə ilk gündən Vardanyan məsələsində ehtiyyatlı davrandı. Nə onun Qarabağdakı varlığına qarşı, nə də Vardanyanı dəstəkləmək üçün addımlar atdı. Yəqin Nikol Paşinyan Ermənistanı sırf
“Vardanyan planı”nında seyrçi qalaraq qarşıdurmadan öz xeyirlərinə istifadə etməyi hədəfləyirdi.
Moskvanın məqsədləri isə, yenə də sirli qalmaqdadır. Çünki Vardanyanın cılızlığı o qədər açıq-aşkar nəzərə çarpırdı ki, Rusiya kimi bir dövlətin belə cılızlığa imza atması inandırıcı görünmürdü. Buradan belə nəticə çıxır ki, Rusiya Ukraynada üzləşdiyi rüsvayçı vəziyyətdən çıxış yolunu tapana qədər Qafqazdakı proseslərə aktiv müdaxilə etmək imkanlarından məhrumdur. Bu səbəbdən də bölgədə diqtə etmək imkanını itirib və hadisələrə yön verə bilmir. Moskva Vardanyanı hər hansı bir məqsəd üçün yox, sırf vaxt qazanmaq üçün göndərib. Yəni Kreml Ukrayna məsələsini həll edənə qədər Qafqazdakı prosesləri dondurmağa, dondura bilməsə proseslərin vaxtını uzatmağa, bununla da vaxt qazanmağa çalışır.
Araikin yol verdiyi səhv də elə bu idi. Araik düşünürdü ki, Rusiya Vardanyanın əli ilə separatizmi dəstəkləməyə, onun maraqlarını təmin etməyə çalışır. Amma sonradan Araik özü də Moskvanın acizliyini gördü, vaxtın boşa axdığını hiss etdi və zaman itirdikcə daha zərərli çıxdığını anladı.
Ona görə də Vardanyanı “vəzifəsindən azad edən” Araik indi Moskvanı məcbur edir ki, separatizm üçün daha aktiv kömək etsin. Edə bilmirsə, prosesdən kənar dursun və erməni terrorbaşı bölgədəki yeni reallıqlara uyğun yeni “arxa-dayaq” axtarışına çıxsın.
Hər halda, iddia etmək olmaz ki, Rusiya “Vardanyan planı”nın uğursuzluğu ilə bölgədən çəkiləcək, yaxud da öz maraqlarından imtina edəcək. Rusiyanın alternativ planları həmişə mövcud olub. İndi bunların nədən ibarət olduğunu deyə bilmirik. Yaxında bu kimi addımların nədən ibarət olduğunu görəcəyik.
Vardanyan məsələsində isə, qazanclı çıxan iki mərkəz var: Azərbaycan və Ermənistan.
Azərbaycan tərəfi bir daha göstərdi ki, o, öz ərazi bütövlüyü və suverenliyi məsələsində həssasdır, heç kimə güzəştə getməyəcək və bölgədə pozuculuğa hesablanmış bütün planlara qarşı sərt mövqedə qalmağa davam edəcək. Eyni zamanda, Bakı sübut etdi ki, artıq bütün güc mərkəzlərinin məkrlərini görə, planları poza bilir.
Ermənistan isə yuxarıda qeyd etdiyim kimi, “Vardanyan planı”nın əvvəlindən sonuna kimi səssizliyini qorumaqla bu nəticəsiz oyunda yer almadı. Paşinyan iqtidarı Qərbdəki havadarlarına loyallığını sübut etmiş oldu və Qarabağ seperatçılarının son zamanlar anti-Yeravan addımlarının nəticəsizliyini göstərdi.
Qısacası, Paşinyan Rusiyada yazılmış Vardanyan ssenarisinin nəticəsizliyi ilə Qərbin dəstəyini qazanacaq, Qərbin regionda daha da aktivləşməsini reallaşdıracaq və bununla da Qafqazda yeni güclərin iştirakı ilə öz maraqlarını təmin etməyə çalışacaq. Eyni zamanda Araik Arutyunyan yenidən İrəvanın “əmrlərini” dinləməyə məcbur olacaq. Çünki Rusiyanın gücsüz və problemlərlə məşğul hazırki vəziyyətində Araik Moskvadan Azərbaycana qarşı ideal dəstək təmin edə bilməz. Qərb isə ancaq Paşinyanın moderatorluğu ilə Araiki dəstəkləmək şərtini aktiv saxlayır.
Ümumiyyətlə Qafqazda siyasi krizlər yenidən arta bilər. Sülh və nizamlanma prosesində indiki məqamda ciddi uğur əldə edilməsi gözlənilmir. Rusiyanın Paşinyana qarşı hər uğursuzluğu erməni lideri daha da həvəsləndirir və Qərbdən aldığı ilhamla regionda yeni reallıq formalaşdırmağa çalışır.
Belə olan halda, Bakı proseslərdən özünün artan dünya əhəmiyyətini istifadə edərək maksimum faydalana bilər. Rusiya-Qərb qarşıdurması artdıqca, Ukraynada aktiv hərbi əməliyyatlar davam etdikcə və ABŞ-Çin münasibətlərinin qarşıdurma həddinə çatması fonunda Cənubi Qafqazda yerli güclər nisbəti əsas faktora çevriləcək ki, Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan 2020-ci ildə formalaşdırdığı yeni reallıqla bölgədə əsas diqtə edən tərəfə çevriləcək.
Yaxın perspektivdə sülh gözlənilməsə də, Bakının sözügedən üstünlüyü uzaq perspektivdə Azərbaycanı bütün məqsədlərinə çatdıra bilər. Bunun üçün beynəlxalq tərəfdaşlıq və regional aktorları düzgün idarə etmək kifayət edəcəkdir.
Həşim Səhrablı / Busaat.az