Macarıstan Rusiya ilə milli maraqlarına uyğun gələn strateji sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Busaat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto özünün Facebbok hesabında qeyd edib.
“Hətta indiki geosiyasi şəraitdə Macarıstan öz milli maraqlarını nəzərə alaraq Rusiya ilə əməkdaşlığı qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə çalışır. Macarıstan-Rusiya əməkdaşlığı bizim üçün strateji sahələrdə çox vacibdir; Rusiya ilə münasibətləri qorumadan etibarlı enerji əldə etməyimizə təminat verilə bilməz”, – nazir sosial media hesabında yazıb.
O, yazıya Rusiyanın səhiyyə naziri ilə danışıqlardan fotoları əlavə edib.
“Sanksiyalar kənd təsərrüfatına və ya səhiyyəyə təsir göstərmir, ona görə də biz Macarıstanın kənd təsərrüfatı və qida şirkətlərinin Rusiya bazarında daha da irəliləyişini dəstəkləməyə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə davam edəcəyik”, – Siyarto bildirib.
O, həmçinin Moskvada Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.