Ət almaq çətinləşir: Qiymətlər nə vaxt ucuzlaşacaq? – AÇIQLAMA

image-et-aldiqda-bunlara-diqqet-edin7-800x720-1-768x403-1backend
image-uzb_ads_desk

Azərbaycanda dana ətinin qiyməti yüksək olaraq qalır. Bahalaşma istehlakçıların büdcəsinə təsir göstərdiyi halda, qəssablar alıcıların sayının azaldığını bildirirlər. Hazırda bir kiloqram dana əti Bakıda 19 manata, Beyləqanda 17 manata, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Bəs yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilirmi?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabirin (Abdullayeva) bildirib ki, mövcud vəziyyət yaxın müddətdə ətin ucuzlaşacağını gözləməyə əsas vermir.

“Ətin pərakəndə satış qiymətinə təkcə alıcı tələbatı deyil, mal-qaranın alış qiyməti, yem, daşınma və digər təsərrüfat xərcləri də təsir göstərir. Bu xərclər yüksək olaraq qaldıqda alıcıların sayının azalması avtomatik olaraq qiymətlərin enməsinə səbəb olmur.

Son dövrlərdə bazarda müşahidə olunan bahalaşma da bu amillərin əhəmiyyətini göstərir. Sentyabr ayında yayılan məlumatlarda satıcılar mal-qaranın bahalaşmasını, yem xərclərinin artmasını və heyvandarlıq təsərrüfatlarında yaranan çətinlikləri qiymət artımının əsas səbəbləri kimi göstəriblər. Mal-qaranın sayının azalması və yerli istehsalın daxili tələbatı ödəmək imkanları da diqqət yetirilməli məsələlərdəndir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2024-cü ildə 83,4 faiz təşkil edib. 2023-cü ildə bu göstərici 85,3 faiz olub. Beləliklə, bir il ərzində özünütəminetmə səviyyəsi 1,9 faiz bəndi azalıb”.

R.Sabir bildirib ki, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi bazarda satış həcminə təsir göstərir.

“Ətin qiyməti artdıqca bəzi ailələr əvvəlki qədər məhsul ala bilmir, alışlarını azaldır və ya daha ucuz alternativlərə üstünlük verirlər. Nəticədə satıcıların dövriyyəsi aşağı düşə bilər. Lakin satış həcminin azalması qiymətlərin də enəcəyi demək deyil. Məhsulun maya dəyəri aşağı düşmədikdə satıcılar qiymətləri azaltmaqda maraqlı olmurlar”.

Ekspertin sözlərinə görə, Bakıda dana ətinin bölgələrlə müqayisədə daha baha satılması bir sıra amillərlə bağlıdır.

“Bölgələrdən paytaxta daşınma xərcləri, satış məntəqələrinin saxlanılması və digər kommersiya məsrəfləri qiymət fərqinə təsir göstərə bilər. Bununla yanaşı, qiymətlər ətin keyfiyyətindən, sümük nisbətindən və satış yerindən asılı olaraq da dəyişir.

Yaxın həftələrdə qiymətlərin dəyişməsi əsasən istehsal xərclərinin, mal-qaranın alış qiymətinin və bazarda təkliflə tələbat arasındakı nisbətin necə dəyişəcəyindən asılı olacaq. Hazırkı şəraitdə qiymətlərin nə vaxt ucuzlaşacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil”.

Professor vurğulayıb ki, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi özlüyündə ətin ucuzlaşması üçün kifayət etmir. İstehlak qiymətləri indeksinin yüksəldiyi şəraitdə dana ətinin qiymətinin aşağı düşməsi ehtimalı məhdud görünür. Onun fikrincə, yaxın vaxtlarda kəskin ucuzlaşmadan daha çox, mövcud yüksək qiymətlərin qorunub saxlanılması gözlənilir.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki