Sahibkar ŞOK FAKTLAR AÇIQLADI: Məşhur şəxs ondan 50 min tələb edib – VİDEO

image-45b3ae10_a0a0_4a73_8057_906102973c64_1748856870-fullbackend

Busaat.az Referans xəbər portalına istinadən “VMR” KLİNİKASININ rəhbəri Vüsal Həsənovla müsahibəni təqdim edir:

-Salam, xoş gördük Vüsal müəllim

-Xoş gördük -Necəsiniz? -Təşəkkür edirəm.

-Zəhmət olmasa tamaşaçılarımıza öz haqqınızda qısa da olsa bir məlumat verəsiniz.

-Mən Vüsal Həsənov, əslən Qərbi Azərbaycanda, Oğuz elində Qaraqoyunlu mahalında doğulmuşam. Və mənfur erməni şovinizminin ermənipərəst düşmənçilik siyasəti nəticəsində yüzminlərlə həmyerlilərimiz kimi 1988-ci ildə deportasiya olunmuşuq. Sonra doğma Azərbaycanımıza pənah gətirmişik. Azərbaycanda böyümüşəm. Bakı şəhərində orta təhsil almışam və sonradan hərbi təhsil almışam. Eləcə də Füzuli döyüş bölgəsində hərbi xidmətdə olmuşam. 3 il 8 ay, əlavə olaraq da 6 ay hərbi xidmətdə olmuşam. Xidməti vəzifə borcumu yerinə yetirərkən dəfələrlə xəsarətlər almışam. Sonrakı dövrdə isə hüquq mühafizə orqanlarında xidmət etmişəm. Bütün xidməti dövrümdə vətənimiz Azərbaycana, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə və təbii ki, Ali Baş Komandanımıza ləyaqətlə xidmət etmişəm. Hal – hazırda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Xidmət sahəsinin dəyişməsindən asılı olmayaraq ürəyim yenə vətən eşqi ilə döyünür. Yenə də xalqımıza, dövlətimizə, dövlətçiliyimizə xidmətdəyəm.

-Çox gözəl. Vüsal bəy, artıq bir müddətdir ki, mətbuatda və sosial şəbəkələrdə “VMR” klinikası və sizinlə bağlı müxtəlif iddialar və ittihamlar səsləndirilir. Həmçinin bu iddialara cavab olaraq sizin də sosial şəbəkələrdə çıxışlarınızı görürük. Ümumiyyətlə sizə qarşı yönələn bu ittihamın və bu konfliktin səbəbi nədir ?

-Demək olar ki, 8 aya yaxındır belə bir qara kompaniya start götürüb. Bu məsələ artıq demək olar ki, ölkənin müvafiq hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır. Məsələnin kökündə isə bir qrup şəxsin görüntü olaraq bir şəxsi önə atması və həmin şəxsin də bizdən 50 min manat pul tələb edib ala bilməməsidir. Guya o bizim müəssisələrlə bağlı hansısa neqativ halları bilir və onları paylaşacaq. Həkimlərlə bağlı müəyyən faktlar bilir, onları paylaşmamasının qarşılığında məndən 50 min manat pul istəmişdi.

Həmin vaxt mən Türkiyədə idim. Müalicə alırdım. Təbii ki, həmin şəxsə qəti şəkildə rədd cavabı verdim və nə istəyirsə etməsini söylədim. Bundan sonra artıq bizimlə bağlı qaralama kompaniyasına qaragüruhçular tərəfindən start verildi. Hətta bizə aidiyyəti olmayan bir məsələnin də tamamilə şişirdilmiş formada ictimaiyyətə çatdırılmasını belə həyata keçirdilər. Biz sarsılmadıq. Tam əksinə gözləmə mövqeyində dayandıq. İlk növbədə qanuna əsaslandıq. Dövlətimizin hüquqi dövlət olmasına, ölkəmizdə hüququn əsas prinsiplərinin mövcud olmasına arxalandıq və sadəcə olaraq aidiyyatı qurumlara müraciət etməklə kifayətləndik.

Amma çox təəssüflər olsun ki, həmin şəxs bu məsələni öz istəyinə çatmadığını gördükdə daha da qabardaraq başqa kontekstə keçirdi. Yəni sırf mənim özümə yönəltdi. Hətta bir örnək deyim. Deməli bu şəxs mənim yoldaşım Gülsüm xanımın guya ki, tibbi diplomunun olmaması ilə bağlı bir paylaşım elədi və orada da əlavə etdi ki, Gülsüm xanımla mənim rəsmi nikahım yoxdur. Sual yaranır burada. Diplomun olmamasının rəsmi nikahın olmamasına nə aidiyyətı var? İndi bütün həkimlər otaqlarında diplom, sertifikasiya, şəhadətnaməsi sonra da ailə cüzdanımı assınlar? Yəni bu nə məntiqdir ?

Bunun özü göstərir ki, bu şəxs birbaşa qərəzli olub, qərəzlidir. Və öz qərəzliliyini də bizdən pul ala bilmədiyi üçün bu şəkildə daha da çirkinliyə doğru addım atdı. Lakin onun provokasiyası bununla da bitmədi. Sonra mənim haqqımda bir paylaşım etdi ki, guya mən müxtəlif illərdə məhkumluq həyatı yaşamışam. Barəmdə bir neçə dəfə məhkəmə hökmləri olubdur. Bu kimi bir iyrənc üsuldan da istifadə etdi və təbii ki, bu şəxs və şəxslərin ümumi maraqları xarici ölkələrdəki kəşfiyyat strukturlarından aldıqları tapşırığa əsasən Azərbaycan Respublikasının daxilində aidiyyəti qurumlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinə zərər vurmaq olduğuna görə bu söhbəti də ortaya atmaqla öz niyyətlərini açığa çıxarmış oldular. Hətta onlar orada elə bir sual qoymuşdular ki, cinayətkar necə gəlib indi klinika işlədir ? Belə bir suallar da paylaşmışdı və onların ölkəmizdə də havadarları var idi. Təbii ki, onlar da bunu tirajlamışdılar. İndi bir sual yaranır. Cinayətkar insan deyilmi? Cinayətkar islah oluna bilməzmi? Bir kərə bunların iddiaları tamamilə səhvdir. Mənim ümumiyyətlə onların saydıqları kimi heç bir məhkumluq dosyem yoxdur. Amma tutaq ki, var və tutaq ki, mən məhkum olunmuşam.

Dövlət məni islah edə bilməzmi? Bəs bu qədər milyonlarla vəsait ayrılır. Cəzaçəkmə müəssisələrində məhkumların islah olunması, məhkumların yenidən islah olub cəmiyyətə inteqrasiya olunması, cəmiyyətə qayıtması və yenidən formalaşıb digər insanlarla bərabər normal həyat yaşaması üçün dövlət bir siyasət yürüdür. Dövlətdən maliyyə dəstəyi ayrılır, müəyyən qrantlar ayrılır müəyyən QHT-lərə və bu işlərin aparılmasına çalışılır. İndi bu məsələnin bu şəkildə qabardılması, cinayət dosyesi olan bir şəxs necə sahibkarlıq fəaliyyəti göstərir deyilməsi, dövlət siyasətinə zərbə deyilmi? Cənab İlham Əliyevin daxili siyasətini kölgədə qoymaq deyilmi ? Bu da göstərmirmi ki, doğurdan da bu şəxslər hansı xarici ölkələrdə fondların, eləcə də kəşfiyyat qruplarının tapşırıqlarını yerinə yetirirlər?

Bu onlar üçün birbaşa nümunədir. Əgər bu gün müəyyən vaxtlarda amnistiya qərarları parlament tərəfindən qəbul olunursa və Prezident tərəfindən təsdiqlənirsə və yaxud əfv sərəncamları imzalanırsa eləcə də cəzaçəkmə müəssisələrində məhkumlarla bağlı kifayət qədər tədbirlər həyata keçirilirsə, bunlar düzgün deyilmi? İndi son vaxtlar belə bir məsələ də qaldırılıb ki, hətta məhkumlar ali təhsillərini belə davam etdirə bilərlər. Yəni bu qədər siyasətin kölgədə qoyulması deyilmi bunların bu ortaya atdıqları məsələlər?

Çox təssüflər olsun ki, onların Azərbaycandakı havadarları, eləcə də ortaqları, şərikləri onlarla birlikdə bu məsələni tirajlamağa başladılar. Bununla da ölkəmizdə bir ayrı-seçkilik mühiti yaratmağa çalışdılar. Yəni, sanki məhkumlar ölməlidir, məhkumlar heç vaxt insan kimi həyat yaşaya bilməzlər. Lakin dünya təcrübəsində kifayət qədər belə misallar var ki, məhkum olunmuş şəxslər sonradan dövlət başçısı olublar və yaxud dövlət başçısı olan şəxslər sonradan məhkumluq həyatı yaşayıblar. Eləcə də bir çox vəzifəlilər. Hətta ölkəmizdə bizdə bir nümunə də oldu. Dövlət Sərhəd Xidmətinin rəis müavini cinayətə görə ittiham olunub həbs edildi. Amma 44 günlük Vətən Müharibəsində ən aktiv iştirak edən generallarımızdan biri idi və hətta dövlət səviyyəsində mükafatlandırıldı. İndi o şəxs məhkum olunmuşdu deyə, hansısa səbəbdən məhkumluq həyatı yaşadı deyə ona ömürlük məhkum damğasımı vurulmalıydı ? O ömürlük həyatdan təcridmi olunmalıydı ? Amma görürsünüz nə qədər nümunələr var bununla bağlı.

Ona görə də məni əsassız ittiham edən şəxslər özlərinin vətən xaini olduqlarını qəbul etməlidirlər. Bu ölkənin düşməni olduqlarını və özlərinin bu millətin lazımsız bir tullantısı olduqlarını qəbul etməlidirlər.

-Çox maraqlı açıqlamalar verirsiniz Vüsal müəllim. Yeri gəlmişkən, bu yaxınlarda siz öz sosial şəbəkə hesabınızda bir səs yazısı paylaşmışdınız. Həmin səs yazısında da bir nəfər şəxs özünü baş prokurorluq əməkdaşı kimi təqdim etmişdi. Səs yazısından da hiss olunurdu ki danışıq mübahisəli şəkildə davam edir. Ümumiyyətlə bu zənglə bağlı nə deyə bilərsiniz? Bu şəxs əslində kim idi?

-Bu şəxs konkret öyrədilmiş bir şəxs idi və bu zəng mənə olan birinci və axırıncı zəng də deyildi. Buna qədər jurnalist adı altında mənə belə zənglər gəlmişdi. Müvafiq hüquq-mühafizə orqanları əməkdaşları adından belə zənglər gəlmişdi. Amma mən ictimailəşdirmirmirdim onları. Bəziləri haqqında ümumi məlumat verirdim aidiyyəti qurumlara. Bəzilərini heç diqqətə almırdım. Sadəcə olaraq bu məsələni mən niyə işıqlandırdım? Deməli bu bizim haqqımızda paylaşımları edən şəxs israrla danışır ki, guya Gəncə şəhərində gənc bir xanımın həyatını itirməsinin günahkarı mənim yoldaşım Gülsüm xanımdır. Guya həmin şəxsin həyatını itirməsində Gülsüm xanım hansısa prosedur icra edibdir və bu xanım həmin prosedurdan sonra həyatını itiribdir. Absurd fikirlər ortaya atıb və iddialı şəkildə hər dəfə bütün çıxışlarında bunu deyirdi. Təbii ki, biz bu məsələ ilə bağlı müvafiq addımlar atdıq. Bu şəxs də bu məsələni sübut etmək üçün indi sanki bizə biriləri zəng vuracaq, biz qorxub nələrisə deyəcəyik, bizdən söz alacaq və başqa nələr. Bu məqsədlə həmin şəxsi öyrədib bizə özünü baş prokurorluq adından istifadə edərək təqdim eləmişdi və guya bizdən ölüm faktı ilə bağlı müəyyən suallar verib cavab almağa çalışırdı. 

Mən buradan da bir daha bəyan edirəm ki, həmin hadisə ilə bağlı bizim yaxından uzaqdan heç bir əlaqəmiz yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu 4 dəfə bu məsələni araşdırıb və hər birində də qərar qəbul olunub ki, bu məsələnin bizə aidiyyəti yoxdur. Hətta o məsələnin başqalarının iştirakı olsa belə həkim səhvindən baş verən hadisə kimi qiymətləndirilməyib. İndi həmin şəxslə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırılma aparılır. Artıq şəxs müəyyənləşdirilib. Mən o məsələ ilə bağlı daha geniş danışıb istintaq sirrini və ya istintaq məlumatlarını yaymaq istəmirəm. İnşallah yaxın vaxtlarda yəqin ki, aidiyyəti qurumlar da bu məsələ ilə bağlı öz münasibətini bildirəcəklər. Buradan da hansı qənaətə gəlmək olur? Deməli bu şəxslər öz kiçik düşüncə tərzləri ilə elə bilirlər ki, fikirləşirlər ki, dövlət qurumlarında o qədər boşluqlar var ki, bunlar istənilən formada istənilən addan istənilən addan istifadə edib vətəndaşa təsir göstərə bilərlər.

-Vüsal müəllim, siz həm də bir hüquqşünas olaraq belə məsələlərin hüquqi tərəflərini də gözəl bilirsiniz. Bu kimi addımların cinayət məsuliyyəti də var.

-Əlbəttə, birmənalı şəkildə bu cinayət məsuliyyətidir. İndi Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunacaqlar, hansı maddəsinə əsasən tədbir görüləcək buna aidiyyəti qurumlar daha yaxşı münasibət bildirərlər. Bizim dediklərimiz sadəcə ilkin təəssüratdan ibarətdir. Amma yenə də baxın, bunların guya hansısa vətəndaşa təsir göstərmə düşüncələri əslində dövlət qurumlarının mövcudluğuna, dövlət qurumlarının fəaliyyətinə bir təsir göstərməklə nəticələndi. Deməli bunlar öz ağıllarınca dövlət qurumlarını o qədər boş hesab edirlər ki, düşünürlər ki, istənilən halda istənilən işi görə bilərlər, istənilən addan istifadə edə bilərlər. Yəni özlərini o qədər “toxunulmaz” və “ağıllı” hesab edirlər.

Bunların da əsas səbəbləri bu şəxslərin bəzilərinin hazırda ölkə kənarında olmalarıdır. Düşünürlər ki, Azərbaycan qanunvericiliyinin onlara heç bir təsir etmək imkanı olmayacaq. Burada da yanılırlar. Çünki Azərbaycanda qəbul olunan istənilən qərar onların yaşadıqları ölkənin Ədliyyə Nazirliyi və məhkəmə strukturlarında tanınandan sonra onlar haqqında istənilən tədbir görüləcəkdir. Yəni orada da böyük səhvə yol verirlər, arxayın olmasınlar.

-Yenə də maraqlı açıqlamalardır. Mövzu barədə biraz da konkret bir məqama toxunaq. Fikrinizcə sizə qarşı bu konfliktin konkret olaraq səbəbkarı hansı şəxs və ya şəxslərdir? Ümumiyyətlə onların məqsədi sizə görə, sizin qənaətinizə görə nə ola bilər?

-Əslində bu məsələnin ortaya çıxmasında rolu olan şəxs bəllidir, şəxslər də bəllidir. Amma məsələnin əsas məqamına mən istəyirəm diqqət çəkim. Bunların məqsədi nədir? Yenə də gəlirəm öz əsas fikirlərimə. Burada bir az ikili kontekstlə yanaşaq məsələyə. Birinci məsələ onların siyasətləri bundan ibarətdir ki, Azərbaycanda ictimai fikri dəyişsinlər, ölkəmizə güvən, inamsızlıq formalaşdırsınlar və ölkə başçısının siyasətinə bir kölgə salsınlar, əhali arasında sosial çaşqınlıq yaratsınlar. Təbii ki, bu məsələdə aidiyyəti qurumlar daha yaxşı nəticəyə gələrlər. Əslində xarici kəşfiyyat strukturları hansısa ölkədə təbliğat aparmaq istəyirlərsə, (soyuq savaş deyək bunun adına) adətən sosial problemləri qabartmaqla o məsələlərə giriş edirlər. Yəni subliminal olaraq inananların beyinlərinə girmək, düşüncəsini dəyişmək, yanıltmaq, yalnız sosial problemlərlə mümkündür.

Burada da səhiyyə məsələsi qabardılıbdır. Əslində indi fikiri qoyub digər fikirə keçəcəm. Hətta mən Türkiyədə olanda bizim yaxın həkimlər orada mənə demişdilər ki, “sizin Sağlık Bakanlığı ləğv olunur”. Necə olunur dedim, mənim xəbərim yoxdur, siz burada bilirsiz. “Elə dedilər” – cavabını verdilər mənə. Deməli, hansısa bir güc, hansısa bir xarici qüvvə ölkəmizdə guya dəyişiklik aparacaq. Səhiyyə Nazirliyi hansısa başqa quruma birləşəcək. Bunun üçün də zəmin yaratmaq lazımdır, müəyyən problemləri qabartmaq lazımdır. Bax bu məsələlərin hamısı buradan başlayır. Burada Vüsal, nə bilim Həsən, Hüseyn kimlərsə önəmli deyil.

Bizi bu məsələlərin bir aktyoru halına gətirib çıxarıblar. Əslində biz burada iştirakçı deyilik, hədəf başqadır. Hədəf, burada dövləti sarsıtmaqdır. İndi baxın, səhiyyədən başladılar. Səhiyyənin problemlərini qabartdılar. Amma burada da ikili standartlar getməyə başladı. Məsələn həmin şəxs birilərini paylaşırdı guya sertifikatı yoxdur, sertifikasiya şəhadətnaməsi yoxdur, diplomu yoxdur və sonradan o şəxslər silinirdi oradan. Niyə silinirdi? Bunu hüquq-mühafizə orqanları əməkdaşları və kəşfiyyat strukturlarında çalışan inanarlar daha yaxşı bilirlər. Bir növ buna artıq əməkdaşlığa cəlb olunmuş deyirlər. Ya o şəxs pul verib paylaşımları sildirib, ya da o şəxs bu xəyanətkar şəxslərlə işbirliyinə razılıq verib. Ona görə onun paylaşımı silinib. O artıq məlumat ötürücü şəxsə çevrilib. Bununla bağlı məndə konkret faktlar var ki, buradan xaricə məlumatları kimlər ötürürdü, necə ötürürdülər. Hətta bir örnək deyə bilərəm.

Həmin o Amerikada oturub bəh-bəhlə danışan, həkimləri ittiham edən özü Azərbaycanda bir klinikaya gəlib, həkim olmayan sertifikasiya şəhadətnaməsi olmayan bir şəxsə dolğu falan işləmlər elətdirib və həmin şəxsi tərifləyibdir. Bunun görüntüləri belə mövcuddur. Yaxşı, o şəxs niyə paylaşılmır? Sən niyə gəlib soruşmadın o şəxsdən ki, sənin diplomun və sertifikasiya şəhadətnamən varmı? Buradan nə çıxır ortaya? Deməli, ya həmin şəxslə maddi olaraq anlaşma var, ya həmin şəxsi məlumat ötürücüsü olaraq öz agentura şəbəkələrinə daxil ediblər və o toxunulmazlıq hüququ qazanıb. Bununla bağlı mən çox-çox faktlar saya bilərəm. Bakıda, Gəncədə, müxtəlif bölgələrdə. Özlərinə bir məlumat ötürücü şəbəkə yaradıblar. Bunu isə sadəcə olaraq ən yumşaq formada bir tərbiyəsizlik hesab edirəm. Sən oturasan bu ölkənin çörəyini yeyəsən, bu ölkədə pul qazanasan və bu ölkənin zərərinə olan məlumatları xarici kəşfiyyat qurumlarının əlində əsir olmuş bir əxlaq yoxsuluna ötürəsən.

Bu ölkənin, bu dövlətin çörəyini yeyən hər bir şəxs bu ölkəyə, bu dövlətə, bu dövlətçiliyə sədaqətli olmalıdır.

-Tamamilə doğrudur.

-İndi sualınızın əsas məqsədinə gəlirəm. Burada sırf bizə qarşı yönələn ikibaşlı oyun getdi. Çünki dediyim kimi dəfələrlə mən bunu vurğuladım. Birinci məqsəd, dövlətin daxili siyasətini zəiflətmək, dövlətçiliyə inamı zəiflətmək və dövlətdə sanki özbaşınalıq mühitini yaratmaq, özbaşınalıq mühitidir deyə insanlara bir mesaj ötürmək olub. Yəni guya özbaşınalıqdır, dövlətin heç bir qurumu işləmir, guya kim nə istəsə edə bilir. Bax bu məsələni insanlara aşılmağa çalışdılar. İkinci tərəfdən də bu gün hamı bilir ki, ölkədə müəyyən insanlar var ki, onlar mənim kimi dövlətə, dövlətçiliyə, xalqa, millətə, vətənə və Ali Baş Komandana sədaqətlə xidmət ediblər.

Bizim hədəfə alınmağımız isə baxın görürsünüz, dövlət ona sədaqətli olan insanları qoruya bilmir görüntüsünü yaratmaqdır. Sanki biz ruhdan düşəcəyik və mənim kimi dövlətə sədaqətli insanlar ruhdan düşəcəklər və dövlətə inamsızlıq yaranacaq, biz geri çəkiləcəyik, onlar da bu ölkədə istədiyini edə biləcəklər. Xeyr ! Nə baş verməsindən asılı olmayaraq, nə olacağından asılı olmayaraq mənim kimi yüzminlərlə insan bu dövlətə sədaqətlidir, bu dövlətin yanındadır, Prezidentin yanındadır. Sona qədər də biz bu dövlət üçün, xalq üçün, millət üçün qanımızın son damlasından belə keçməyə hazırıq.

-Çox sağ olun Vüsal müəllim. Azərbaycanda estetik klinika rəhbəri olduğunuz üçün heç şübhəsiz ki, bu barədə kifayət qədər bilgiyə maliksiniz. Sizə görə estetik prosedurlardan sonra bəzən pasiyentlərin səhhətində fəsadların yaranması faktları da var təbii ki. Ümumiyyətlə sizə görə bu fəsadlar nədən yaranır? Bunlar hansı şəraitdə meydana gəlir?

-Əslində, bütün tibbi müdaxilələrdə həkim peşəkarlığı qədər, mütəxəssis peşəkarlığı qədər pasiyentin də özünə vicdanlı xidmət göstərməsi şərtdir. Yəni burada hər bir problemi həkimin üstünə atıb həkimin cəzalanmasına nail olmağa çalışmaq və yaxud da həkimin gözdən salınmasına çalışmaq, həkimi el arasında deyirlər, qara qəpiklik etmək lazımsız bir haldır.

Xəstə özü də sağalmağa çalışmalıdır.

-Bütün hallarda, xüsusilə də estetik prosedurlarda, estetik müdaxilələrdə istər cərrahi, istər əməliyyatsız müdaxilələrdə xəstənin sağalma və bərpa dövründəki özünə baxmı çox vacibdir. Baxın, indi ən çox bu gün dolğularla bağlı problemlər yaranıb. Götürək dolğuları, bədən dolğularını. Axı onun təlimatlarının hamısında qeyd olunur ki, müəyyən bir müddətdə tutaq ki, ağır işlər görmək olmaz. Ayağına və ya hər hansı başqa nahiyəsinə dolğu vurulubsa, ayaq üstdə çox gəzmək olmaz, günəş vannası almaq olmaz, duzlu suyu olan gölə, dənizə və yaxud da suya girmək olmaz. Solarium almaq olmaz. Yəni bu kimi məsələlərdə həmişə kənarda durmaq lazımdır. Saunaya, buxar hamamlarına girmək olmaz. İndi gəlin sual verək görək bu dolğu problemi olan və bu gün özlərini az qala kütləvi şəkildə zərərçəkmiş kimi tanıtmağa çalışan bu insanlar həmin bu olmazlara əməl ediblərmi? Götürün onların sosial şəbəkə paylaşımlarına baxın öncəkilərlə, problemdən əvvəlki şəkillərə baxın. Hətta biz onların bir neçəsini əldə etmişik. Görün o insanlar nələr edirlər? İndi bu həkim xəstəylə bir ömür yaşamalıdırmı ki, buna olmazlara əməl elətdirsin?

Axı hər kəs vicdanlı yanaşmalıdır bu məsələlərə. Tamam, gəlin həkimi cəzalandıraq, həbs etsinlər. Bununla məsələ həll olunacaqmı? Olunmayacaqdır. Çünki siz özünüz o məsələlərə, özünüzə diqqətli yanaşmalısınız. Baxın, adi botoks tətbiq olunmuş şəxsə həkim tövsiyə edib deyir ki, bir neçə saat, bir neçə gün alın hissənizi əlinizlə sığallamayın.Tərinizi yumşaq salfetlə silin. Bunu niyə deyirlər? Çünki botoksun əsas prinsipi nədir? Əzələlərdə müəyyən ləngimələri yaratmaq. Onu haradasa müvəqqəti iflic vəziyyətinə salır. İndi orada hansı əzələlərə bu tətbiq olunubsa bunu həkim bilir. Tutaq ki, xəstə tərləmə dönəmində alnını möhkəm ovuşdurursa, o digər əzələlərə də təsir göstərir və bu zaman gözdə pitoz halının yaranması və yaxud da başqa-başqa fəsadların yaranması baş verir.

İndi burada həkim neynəsin? Axı deyilib eləmə. Tutaq ki, deyilib başı aşağı çox dayanma, hətta məsələn bəzi prosedurlarda deyilir ki, bəlli bir müddətdə spirtli içki qəbul etmə və yaxud da siqaret çəkmə. İndi bu həkim bir ömür gedib o xəstəyləmi yaşamalıdır? Xəstə pul ödəyib deyə gedib onunlamı yaşamalıdır ki, bu olmaz deyə məsləhətlər verib otursun onun yanında?

Məsələlərə bir az dürüst yanaşmaq lazımdır. Bir də əhalinin sağlamlığının qorunması haqqında bir qanun var. Həmin qanunun 24-cü maddəsində açıqca yazılır: Xəstə təcili təxirəsalınmaz halda deyilsə, həkimi və klinikanı seçməkdə sərbəstdir, həkim də eynilə xəstəni seçməkdə sərbəstdir. Yaxş, bu həkimi özünüz seçmisiniz, özünüz araşdırmısınız və ya araşdırmamısınız, axır bunu siz seçmisiniz. İndi bu baş verənlərdən sonra, istər həkimin günahı, istər pasiyentin günahı burada gəlib həkimi günahlandırmaq, həkimi amansızcasına linc etmək , sosial şəbəkələrdə qanan-qanmayan hərənin ağzına gələni yazması , düşündüyünü yazması,reallığa uyğun olmayan hərşeydə həkimi linc etmək nəyə lazımdır. Axı burada biraz ədalətli davranmaq lazımdır.

-Tam olaraq məntiqli açıqlamalardır. Həm də misallar üçün maarifləndirici bir informasiyadır. Sağ olun, təşəkkür edirəm.

-Çox sağ olun . Əslində maraqlı suallar sizdən gəlir ki, maraqlı cavablar bizdən olur.

-Çox təşəkkür edirəm. Sizinlə saatlarla danışmaq olar maraqlı belə deyək, fikirlər səsləndirirsiniz. Yaxşı həmsöhbətsiniz.

-Təşəkkür edirəm.

-Mən də sizə təşəkkür edirəm. Sonda Vüsal müəllim, tamaşaçılarımıza, cəmiyyətimizə ünvanlamaq istədiyiniz bir mesaj varmı?

-Cəmiyyətə və eləcə də vətəndaşlarımıza, xüsusilə də sosial şəbəkə istifadəçilərinə sadəcə demək istəyirəm ki, vicdanlı və ədalətli olmaq lazımdır. Tanımadığınız şəxslər haqqında, tanımadığınız insanlar haqqında hərşeyi yazmaq sadəcə sizin özünüzün özünüzü alçaltmağınız və özünüzün özünüzü təhqir etməyiniz deməkdir. Dürüst və vicdanlı olmaq lazımdır.

Əgər bir məsələnin nədən qaynaqlandığını dəqiqliyi ilə bilmirsinizsə o məslə ilə bağlı rəy bildirmək sizin ağıllı olduğunuz anlamına gəlmir. Yaxud da o şəxs haqqında fikir bildirmək və o şəxs haqqında nələrsə demək heç də dürüstlükdən və yaxud da şərəflilikdən xəbər vermir. Tam tərsi olur burada. Atalarımızın gözəl bir misalı var. Öz gözündə tiri görməyən durub başqasının gözündə çöp axtarır. Yenə də sosial şəbəkə istifadəçilərinə və belə saxta məlumatları tirajlayanlara demək istəyirəm ki, namuslu, dürüst, şərəfli və vicdanlı olmaq lazımdır. Ən azından məni qoyun kənara və yaxud da başqa həkimi qoyun kənara, başqa şəxsləri qoyun kənara, Allah qarşısında nə cavab verirsiniz, necə siz ailənizin üzünə baxır, necə siz o çörəyi öz övladlarınıza yedizdirə bilirsiniz? Bunları düşünün.

-Çox təşəkkür  Vüsal müəllim!

-Mən sizə təşəkkür edirəm. Obyektivliyiniz və cəsarətiniz üçün çox sağ olun. -Təşəkkür edirəm sizə. Xoş oldu.  

MÜSAHİBƏNİN VİDEO VERSİYASINI DA SİZƏ TƏQDİM EDİRİK:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki