Samirə Musayeva: “Bu cür cinayətlərlə mübarizə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır”

image-ifw2xufcjedejedzxbi0robasonqvshnaxfu1qz9_1200backend

“Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması ilə mübarizədə vergi orqanları mühüm rol oynayır”.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda səsləndirib.

O, çıxışında bildirib ki, bu cür cinayətlərlə mübarizə artıq təkcə dövlətlərin daxili resursları ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır:

“Maliyyə cinayətləri və çirkli pulların yuyulması transmilli xarakter daşıyır və beynəlxalq səviyyədə koordinasiyanı tələb edir. Konfransın adında da qeyd olunduğu kimi, nəzarət orqanlarının yalnız rolu deyil, vəzifələri və məsuliyyəti də diqqət mərkəzindədir. Dövlət Vergi Xidməti bu istiqamətdə mühüm nəzarət funksiyasını yerinə yetirir”.

S.Musayeva vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, vergi xidməti öhdəlik daşıyan şəxslərə münasibətdə nəzarət orqanı funksiyasını icra edir:

“Bu şəxslər əsasən qeyri-maliyyə sektorunda fəaliyyət göstərən məsləhətçi şirkətlər, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan subyektlər və s. təşkil edir. Onların əməliyyatlarına nəzarət və şəffaflığın təmin olunması üçün Maliyyə Manitorinq Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi (ŞƏMS) sistemi yaradılıb. Hazırda bu sistemdə 1 800 öhdəlik daşıyan şəxs qeydiyyatdan keçib ki, onlardan 1 003-ü vergi orqanları tərəfindən nəzarət olunan subyektlərdir”.

S.Musayeva qeyd edib ki, vergi xidməti yalnız nəzarət funksiyası deyil, həm də şəffaf və dayanıqlı biznes mühitinin formalaşmasında da mühüm rol oynayır:

“Biznesin dövlət qeydiyyatının həyata keçirilməsi zamanı sahibkarların şəxsiyyətinin, məlumatlarının dəqiqliyinin yoxlanılması, sanksiyaya məruz qalmış şəxslərin hüquqi şəxs təsis etməsinin qarşısının alınması kimi funksiyalar da vergi orqanlarına aiddir. Bu, həm şəffaflıq, həm də çirkli pulların qarşısının alınması baxımından vacibdir”.

O əlavə edib ki, vergi nəzarəti zamanı real iqtisadi fəaliyyət əlamətləri daşımayan, sadəcə maliyyə axınlarının “əmtəəsiz əməliyyatlar” adı altında həyata keçirildiyi hallar aşkar edilir:

“Bu kimi hallar çirkli pulların yuyulması, vergidən yayınma və mənimsəmə faktlarının göstəricisidir. Belə əməliyyatlar aşkarlandıqda toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunur”.

Sonda o, bildirib ki, Dövlət Vergi Xidməti iqtisadi sahədə cinayətlərin araşdırılması üzrə istintaq orqanı funksiyasını da yerinə yetirir:

“Biz qeydiyyat mərhələsindən başlayaraq istintaqa qədər bütün mərhələlərdə öhdəlik daşıyan qurum kimi fəaliyyət göstəririk. Bu proseslərdə Maliyyə Monitorinqi Xidməti və digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki