
Sudan 512 nəfərin öldüyünü açıqladı
Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında aprelin 15-də başlayan qarşıdurmalarda dünənə qədər 512 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada qarşıdurmalarda 4193 nəfərin yaralandığı bildirilib. Qeyd edilib ki, təkcə Xartumda bu müddət ərzində 169 nəfər ölüb, 2403 nəfər yaralanıb, xəstəxana və sağlıq mərkəzlərindən uzaq durmaq üçün tərəflərlə danışıqlar aparılıb.
Bəzi xəstəxanaların bağlandıqdan sonra yenidən xidmətə başladığı, dərman təminatı və xəstəliklərlə mübarizə baxımından Ümumdünya Səhiyyə Təşkilatı və ölkədə fəaliyyət göstərən müxtəlif qurumlarla koordinasiyada olduqları qeyd edilib.
Sudan Həkimlər Birliyi isə qarşıdurma xəttinə yaxın bölgələrdəki xəstəxanaların yüzdə 72-nin işini dayandırdığını açıqlayıb.
Birliyin “Facebook” hesabında edilən açıqlamada qeyd olunur: “Paytaxt və əyalətlərdəki 82 xəstəxanadan 59-u xidmətdən çıxdı”.
Həmkarlar ittifaqı 14 xəstəxananın bombalandığını, 19 xəstəxananın zorla təxliyə edildiyini bildirib.
Xatırladaq ki, Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib.






















