Sumqayıt şəhərinin 76-cı məhəlləsində yerləşən torpaq sahələrinin qanunsuz zəbt edilməsi ilə bağlı bir qrup vətəndaş tərəfindən ciddi iddialar irəli sürülüb. Şikayətçilər – Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Namiq Xıdır oğlu və Xudiyev Elməddin Elman oğlu – bildirirlər ki, onlara məxsus ümumilikdə 35 sot torpaq sahəsi bu ilin yanvar ayının ortalarından etibarən qanunsuz şəkildə ələ keçirilib.
Sumqayıt şəhərinin 76-cı məhəlləsində yerləşən torpaq sahələrinin qanunsuz zəbt edilməsi ilə bağlı bir qrup vətəndaş tərəfindən ciddi iddialar irəli sürülüb.
Şikayətçilər – Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Namiq Xıdır oğlu və Xudiyev Elməddin Elman oğlu – bildirirlər ki, onlara məxsus ümumilikdə 35 sot torpaq sahəsi bu ilin yanvar ayının ortalarından etibarən qanunsuz şəkildə ələ keçirilib.
Vətəndaşların sözlərinə görə, qeyri-iş günündə, gecə saatlarında əraziyə texnika yeridilərək onlara məxsus hasarlar dağıdılıb, tikinti materiallarının bir hissəsi əraziyə səpələnib, digər hissəsi isə yaxınlıqdakı gölə atılıb. Hadisədən dərhal sonra şikayətçilər aidiyyəti dövlət qurumlarını məlumatlandırıblar.
İddialara əsasən, qanunsuz zəbtin arxasında “SNERGY.AZ.MMC” şirkətinin rəhbəri Seymur Quliyev dayanır. Şikayətçilərin bildirdiyinə görə, adıçəkilən şəxs bəzi bələdiyyə işçiləri ilə əlbir olaraq saxta sənəd və müqavilələr tərtib edərək həmin ərazidə tikinti işlərinə başlamağa cəhd edib. Araşdırmalara əsasən, sözügedən şirkət COP29 tədbiri ərəfəsində abadlaşdırma tenderi qazanıb və yol kənarlarında hasarların çəkilməsi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb. Lakin şikayətçilərin iddiasına görə, bu imkandan istifadə edən şirkət digər şəxslərə məxsus torpaq sahələrini qanunsuz olaraq mənimsəməyə, həmin sahələrin hasarlarını dağıtmağa başlayıb və torpaq sahələrinin bir hissəsini qeyri-qanuni şəkildə satışa çıxarıb.
Hadisənin gedişatından narazı qalan sakinlər magistral yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Bu etirazdan sonra məsələ Sumqayıt Regional Ədliyyə İdarəsində araşdırılıb, nəticədə ciddi qanun pozuntuları, korrupsiya halları və yeyinti faktları aşkarlanıb. Araşdırmaların nəticəsi olaraq iş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Şikayətçilər bildirirlər ki, bələdiyyə işçiləri – Orxan Adıgözəlov və Araz adlı şəxslər – onlara qarşı təzyiqlər göstərərək “bu ərazi Seymur Quliyevə məxsusdur, o qalib gələcək” şəklində hədə-qorxu gəliblər. Məlumata görə, Orxan Adıgözəlov 01.07.2022–20.02.2025 tarixlərində bələdiyyə sədrinin müavini, 21.02.2025–19.05.2025 tarixlərində isə sədr vəzifəsində çalışıb. Onun sədr vəzifəsindən qanunsuz fəaliyyətlərinə görə azad edildiyi və yenidən müavin təyin olunduğu bildirilir.
Şikayətçilər həmçinin qeyd edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu məsələdə Seymur Quliyevin fəaliyyətini dolayısıyla dəstəklədiyinə dair şübhələr mövcuddur. İddialara görə, Orxan Adıgözəlovun yaxın qohumu Teymur adlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışır.
Zəbt edilən torpaq sahəsinin sənaye, nəqliyyat və rabitə təyinatlı olduğu bildirilib. Qanunvericiliyə əsasən, bu təyinatlı torpaqlardan istifadə və ya sənədləşməsi üçün aşağıdakı aidiyyəti dövlət qurumlarının razılığı tələb olunur:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyi (ərazi risklidir isə)
Müvafiq yerli icra hakimiyyəti orqanları və bələdiyyələr
İddialara görə, təqdim edilən müqavilə sənədləri bu qurumlardan heç bir rəsmi icazə olmadan hazırlanıb və hüquqi qüvvəsi yoxdur.
Şikayətlər ictimailəşdirildikdən sonra məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə baxış keçirib və tikilinin qanunsuz olduğunu təsdiqləyiblər. Nəticədə qanunsuz inşa edilən hasarın bir hissəsi sökülüb.
Hadisə Sumqayıt şəhərində torpaq sahələrinin qanunsuz zəbt olunması və icazəsiz tikinti işlərinin aparılması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Şikayətçilər hüquqlarının bərpa olunması və məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər.