Türkiyənin Azərbaycanda hərbi bazası varmı? – Ordudakı təyinatlar Ankara ilə razılaşdırılır – TƏHLİL

image-ankaarabackend

Azərbaycanda Türkiyənin hərbi bazası varmı və ya olmalıdırmı?
Bu sual ətrafında yaranan müzakirələrdə fərqli fikirlərin şahidi oluruq, ancaq proseslərin gedişatını bir-birilə əlaqələndirəndə müəyyən məntiqi nəticəyə gələ bilirik.

44 günlük Vətən müharibəsi dövründə Türkiyənin yüksək manevr qabiliyyətlərinə malik F-16 qırıcı təyyarələri Azərbaycanda qalmışdı, Ankara bununla Bakıya yüksək səviyyəli hərbi jets nümayiş etdirməklə mənəvi dəstəyini göz önünə sərirdi.

Azərbaycanda Türkiyənin bazasının mənəvi təməli məhz F-16-larla qoyulmuşdu, qırıcılar həmin təməli möhkəmləndirirdi.
İndi isə mənəvi təməllər üzərində güclü sütun qurulmasının şahidi oluruq, hərçənd ki, bunun komponentləri zamanla ictimaiyyətə açıqlanır.
Həmin məqamları qeyd etməzdən öncə “Azərbaycanda xarici ölkənin hərbi bazası ola bilərmi” sualına hüquqi əsaslarla cavab tapmağa çalışaq.
Çox zaman bu mövzu müzakirələrin episentrinə gətirilərkən bəzi ekspert və deputatlar bunun mümkünsüzlüyünü vurğulayır, mövqelərini əsaslandırarkən Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü arqument gətirirlər.

Bu, anlayışların qarışdırılmasından irəli gəlir, Qoşulmama Hərəkatının prinsiplərində üzv ölkələrin hərbi bloklara qoşulmaması məsələsi önə sürülür, xarici ölkə bazasının yaradılması isə fərqli anlayışdır.

Fikirlərimizi möhkəmləndirmək üçün Azərbaycanın 2010-cu ildə təsdiqlədiyi Hərbi Doktrinaya nəzər yetirək.
Orada bildirilir ki, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.

Yəni qısa desək, Azərbaycanda xarici hərbi baza yaradıla bilər.

Əgər Azərbaycan belə qərarları verərkən müttəfiqlik münasibətlərinin xarakterinə nəzər salar və təbii ki, ən yaxın müttəfiqi Türkiyəyə üstünlük verər.
Açıq mənbələrdə Türkiyənin Azərbaycanda hərbi bazasının olmasına dair məlumatlar yoxdur, hərçənd ki, bazanın ilkin təzahürlərini müşahidə edirik. Lakin qəti və aydın məsələdir ki, Ankara Azərbaycanda hərbi iştirakını artırır.
Ankara 10 noyabr üçtərəfli bəyanatın tərəfi olmasa da, öz maraqlarını bu sənədə daşıya bilib, məhz bunun nəticəsində Birgə Monitorinq Mərkəzində təmsil olunur.

Sentyabrın 9-da isə Azərbaycan mətbuatında çıxan xəbərlərdən aydın oldu ki, Azərbaycanda Türkiyənin Xidmət Qrupu Komandanlığı fəaliyyət göstərir.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. A. Qatırçı həm də Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində türkiyəli şəxsi heyətə rəhbərlik edir.
General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.
Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib.

Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

Hərçənd ki, bu təyinatlar avqustun axırlarında baş tutub, hətta Türkiyə mediasında da bu təyinat barədə yazılıb, lakin nədənsə məsələ Azərbaycan mətbuatının diqqətindən yayınıb və məsələ yalnız ötən gün ictimailəşib.

Xidmət Qrupu nədir?
Türkiyə Milli Müdafiə Nazirliyinin saytında qeyd olunur ki, Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Silahlı Qüvvələrini yenidən formalaşdırmaq və müştərək təcrübələri inkişaf etdirməyi qarşıya hədəf qoyub.
Türkiyənin Azərbaycandakı Xidmət Qrupu isə bu məsələdə Azərbaycana planlaşdırma, təlim dəstəyi, logistik dəstək verir və birgə təlimlər həyata keçirilir.

Türkiyə Müdafiə Nazirliyi bildirir ki, “Tək ordu” yanaşması çərçivəsində iki ölkənin silahlı qüvvələrinin daha effektiv fəaliyyəti üçün hərbi texnikalardan istifadə edilir, şəxsi heyət formalaşdırmaqdan tutmuş ordudakı təyinatlara qədər işbirliyi həyata keçirilir.
Son zamanlar Azərbaycan-Türkiyə hərbi təlimlərinin intensivliyinin artmasının bir səbəbi də elə bu Xidmət Qrupunun işi ilə bağlıdır, təlim yerlərindən birinin Laçın seçilməsi isə təsadüfi deyil.

Bununla Ankara işğaldan azad edilmiş ərazilərdə möhkəmlənmək niyyətlərini aşkar şəkildə çatdırır, üstəgəl bu təlim Ermənistana da, Rusiyaya da ciddi siqnaldır.

Proseslərdən proqnozlaşdırmaq mümkündür ki, Türkiyə Cənubi Qafqazda hərbi aktivliyini artıracaq, bu isə Ankaranın Bakı ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirməsindən keçir.

Bu arada, Laçında keçirilən birgə təlim Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında qalan erməni hərbi birliklərində də çatın dərinləşməsinə gətirib çıxarıb.

İndidən separatçıların “rəsmi” şəxsləri əl-ayağa düşüblər və gələcəkdə özləri üçün “faciə” gətirəcək məsələlərə görə məsuliyyətləri boyunlarından atırlar.
Quldur tör-töküntülərin özlərindən qondarma müdafiə naziri düzəltdikləri Mikael Arzumanyan istefa ərizəsini yazaraq onu “rəhbəri” Araik Arutyunyana təqdim edib.

Niyə indi? Çünki o, necə deyərlər it kimi qorxur və indidən məsuliyyət zonasından çıxmaq üçün çalışır.
Axı onlar Azərbaycan ordusu qarşısında nə edə bilərlər? Heç nə…

Aqşin Kərimov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90