Türkiyənin mənzərəli vadiləri, boğazları gözəl və unudulmaz sərgüzəştlər vəd edir.
Türkiyənin sıldırım qayalıqları və şəffaf firuzəyi çayları ilə birləşən vadiləri və boğazları bütün səyahətçilərin, özəlliklə də ekstremal idman həvəskarlarının sevimli məkanlarından biridir.
Minlərlə metr hündürlüyə çatan hündür qayalıqlarla əhatə olunmuş dərələr və çaylar Türkiyədə ziyarət etməli olduğunuz ilk yerlərdən biridir.
Buzlu suda sərinləmək, dağlara qalxmaq və yüksəkliklərdən tullanmaq istəyirsinizsə, Türkiyənin möhtəşəm vadiləri və boğazları adrenalinlə dolu səyahətlər və macəralar vəd edir.
Eyni zamanda, Türkiyə təbiət və tarixin unikal birləşməsini təqdim edən nadir ölkələrdən biridir. Qədim şəhərlər, kilsə xarabalıqları və türbələr sizi keçmişə aparacaq.
Türkiyənin macəra dolu beş ən gözəl boğazı və vadisi bunlardır:
Körpülü Kanyon milli parkı: Antalya şəhər mərkəzindən 85 km məsafədə yerləşən təbii gözəllikləri və möhtəşəm mənzərəsi ilə bir çox ziyarətçilərinin diqqətini çəkən bölgə 1973-cü ildən milli park elan edilmişdir.
Burada turistlər hava şarlarında uça, balıq tutmaq və üzgüçülük kimi idman növlərinə qatıla bilərlər. Su idmanları ilə yanaşı parkda velosiped sürmək, qayaya dırmaşmaq, vəhşi təbiəti seyr etmək və ya foto çəkilişlər etmək və piknik etmək olar.
İhlara vadisi: Kapadokyadakı qədim qaya birləşmələri və yeraltı şəhərləri ilə məşhurdur. Bir çoxları tərəfindən dünyanın ən füsunkar yerlərindən biri hesab olunur.
Melendiz çayı boyu uzanan 14 kilometr uzunluğundakı vadi tarixi və təbii gözəlliyi ilə məşhurdur.
Melendiz çayının kənarında yerləşən İhlara vadisi tarix boyu xristianlığın mühüm mərkəzi olmuşdur. Turistlər vadidəki kilsələri ziyarət edib, Melendiz çayının sahillərində dincələ bilərlər.
Saklıkent Boğazı: Muğlanın Seydikemer səmtində yerləşən vadinin macəraçılar üçün yaradılmış təbii bir kölgəlik olduğunu söyləsək, mübaliğə olmaz.
Dünyanın ən dərin vadilərindən biri olan 18 kilometr uzunluğundakı Saklıkent vadisinin daş divarlarının hündürlüyü bəzi yerlərdə min metri keçir. Axan suyun sakitləşdirici səsi altında Saklıkenti gəzib qayalıqların arasından aydın səmanın mənzərəsini seyr edə bilərsiniz.
Turistlər burada qaya divarlarına bərkidilmiş taxta dirəklərə dırmaşaraq möhtəşəm mənzərənin dadını çıxara və ya hava şarları ilə uçaraq yüksəkdən tullana bilərlər.
Arapapıştı kanyonu: Aydın, Dənizli və Muğla bölgələrinin sərhəddində yerləşən dərə torpaq eroziyası nəticəsində əmələ gələn əsl təbiət möcüzəsidir.
Altı kilometr uzunluğunda və 380 metr hündürlüyündə olan Arapapıştı kanyonu Roma və Şərqi Roma imperiyalarından qalan şəhər qalıqlarından ibarətdir.
Kanyonun müəyyən yerlərində qayıqla gəzinti edə bilərsiniz. Bu qayıq səfərləri adətən doxsan dəqiqədən iki saata qədər davam edir.
Şahin Boğazı: Bu bölgə Türkcədə “Kaz Dağları” kimi tanınan Qaz dağlarında yerləşir.
Türkiyənin bu təbiət möcüzəsinin özünəməxsus əfsanəsi var. Qaz dağları qədim zamanlarda “Tanrıçalar Dağları” kimi tanınırdı və buna görə də müqəddəs sayılırdı.
Təxminən 27 kilometr uzunluğunda olan Şahin dərəsi İsveçrədəki Alp dağlarından sonra dünyanın ikinci ən böyük oksigen istehsalçısıdır. Burada bir çox şəfalı dərman bitkiləri də yetişir.