Yaponiya və ABŞ-nin müdafiə nazirləri iki ölkənin alyansının çəkindirmə və müdaxilə imkanlarını gücləndirmək barədə razılığa gəliblər.
Busaat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Yaponiyaya yeni təyin olunmuş müdafiə naziri Kihara Minoru ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə ilk telefon danışığı aparıb. Daha sonra mətbuata açıqlama verən Kihara amerikalı həmkarı ilə görüşdə əməkdaşlıq prioritetlərini müzakirə etdiklərini və bunu konstruktiv görüş olaraq qiymətləndirdiyini bildirib.
Mənbənin məlumatına görə, görüş zamanı Kihara və Ostin Yaponiya və ABŞ alyansının çəkindirmə və müdaxilə imkanlarını gücləndirmək barədə razılığa gəliblər.
Nazirlər Hind-Sakit Okean regionunda status-kvonu güc yolu ilə dəyişdirmək cəhdlərini aradan qaldırmaq üçün əvvəlkindən daha sıx işləmək barədə anlaşıblar.
Görüş zamanı Ostin Kiharanı yeni vəzifəsi münasibətilə təbrik edib. Və deyib ki, Vaşinqton administrasiyası Yaponiyanın müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib.
Milli mətbuatda bildirilib ki, yaponiyalı nazir oktyabrın əvvəlində amerikalı həmkarı ilə görüşmək üçün Vaşinqtona gedəcək.
2021-ci ilin sentyabrında vəzifəyə başlayan Baş nazir Kişida Fumio hökuməti bu ayın ortalarında son iki ildə ikinci kabinet dəyişikliyini elan etdi və Kihara yeni kabinetdə nazirliyin başına keçdi.