Yay fəslinin qarşıdan gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.
Busaat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Havanın həddindən artıq isti keçməsi bir çox insanlarda narahatlıqlarla müşahidə olunur.
İnsanlar bu isti yay günlərində nəyə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Busaat.az-a açıqlamasında terapevt Sübhan Hacıyev bildirib ki, isti yay günlərində istivurma və günvurma ilə bağlı müraciətlərin sayı artır.
Bunu günün ultrabənövşəyi şüalarının birbaşa başımıza və bədənimizə təsiri ilə əlaqələndirən terapevt orqanizmdə su-duz mübadiləsinin pozulması nəticəsində yaranmış susuzluq, qanın qatılaşması, ümumi qan dövranının və xüsusilə də beyində qan dövranının pozulmasının insanlarda narahatlıqlara səbəb olduğunu söyləyib.
Sübhan Hacıyev: İsti havada damar genişlənmələri olur ki, bu da bir çox ürək-damar xəstəliklərinə mənfi təsir göstərir
S.Hacıyev bu halların yüngül, orta və ağır dərəcələri olduğunu qeyd edərək, orta və ağır dərəcələrdə pasiyentlərin mütləq hospilitizasiya olmalı olduğunu, yəni xəstəxana şəraitində yardım göstərildikdən sonra bir neçə gün də xəstəxanada qalmalarının vacibliyini vurğulayıb:
“Çünki natrium, kalium, kalsium, fosfor kimi mikroelementlərin və elektrolitlərin disbalansı olur. Bu da nəticədə ürək ritminə və ümumilikdə orqanizmə çox mənfi təsir göstərir”.
Müsahibimiz günəşin qızmar şüalarının dərimizin epidermis qatına da təsir göstərərək termiki yanıqlara səbəb olduğunu deyib və qeyd edib ki, bu yanıqlar daha çox günün birinci yarısında olur.
Həmsöhbətimiz sonda insanlara məcbur qalmadıqları müddətdə – saat 1-dən 5-ə qədər çölə çıxmamağı məsləhət görüb:
“Əgər çölə çıxmağa məcburdurlarsa, pambıq, əlvan, açıq rəngli geyimlərdən, baş örtüklərindən istifadə etsinlər, bol su içsinlər, tez-tez sərin havaya keçib sərinləsinlər. Çünki isti havalarda damar genişlənmələri də olur ki, bu isə bir çox ürək-damar xəstəliklərinə mənfi təsir göstərir”.