Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir

image-ana-2backend

 

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir. Bu Fərmandan sonra bütün dövlət idarələrində, mətbuatda, məktəblərdə, özəl iş yerlərində, rəsmi sənədlərdə və s. sahələrdə latın əlifbasının istifadə edilməsinə keçilmiş və bunlar haqqında mətbuatda da çox geniş məlumatlar verilmişdir.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.”

 

 

Elmira Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki