Yeni ev alan 110 nəfərə ƏDV qaytarılacaq – Rəsmi

image-edvbackend

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin geri alınması üzrə 110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib.

Bu barədə Busaat.az-a Dövlət Vergi Xidmətindən (DVX) bildirilib.

Rəsmi məlumata görə, bu günə qədər portal üzərindən ümumilikdə 1939 müraciət daxil olub: “110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib və yaxın zamanda vəsait vətəndaşların hesablarına köçürüləcək”.

Qeyd edilib ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin (30 faizinin) qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci ildən istifadəyə verilib.
Ətraflı

Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə Qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində portala daxil olaraq aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə Qaydaların tələblərinə uyğun ödənişləri həyata keçirmək üçün Hökümət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur. Eyni zamanda, alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur.

Burada FİN və qaimənin nömrəsi barədə məlumatları daxil etməklə ödənişlər edilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə edilərək ƏDV-nin geri qaytarılması ilə bağlı portal vasitəsilə müraciət edilir.

Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda, xüsusilə ipoteka ilə alındıqda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür.

Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin müvafiq qaydada əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90