Yunanıstan, İtaliya və Almaniyada Türkiyəyə yardım kampaniyaları başlayıb – İCMAL

image-zelzele-turkiyebackend

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 əyaləti əhatə edən zəlzələlərdən sonra Yunanıstan, İtaliya və Almaniyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyaları başladılıb.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan Qırmızı Xaç Cəmiyyəti verdiyi açıqlamada Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə göndəriləcək əsas ərzaq məhsulları, yataq dəstləri, ədyal və şəxsi gigiyena vasitələrinin toplayacağını bildirib.

Yunanıstan Bələdiyyələr Birliyinin sədri Dimitris Papastergiu da Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün ləvazimat toplamaq üçün ölkədəki bütün bələdiyyələrə yazılı müraciət edib.

Məktubda deyilir: “Belə bir misli görünməmiş humanitar faciə qarşısında ehtiyacı olanlara ən qısa zamanda dəstək olmaq bizim borcumuzdur”.

Ölkənin bir çox bələdiyyələri, xüsusilə Afina, Pirey, Selanik və Patra bələdiyyələri və İşçilərinin Cəbhəsi Həmkarlar İttifaqı (PAME) zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.

İstanbul Yunanlarının Ümumdünya Federasiyası Qızıl Xaç və Qızıl Aypara ilə əməkdaşlıq çərçivəsində şənbə günü qan donorluğuna başlayacağını açıqlayıb. Federasiya, həmçinin zəlzələdən zərər çəkənlərə müxtəlif ərzaq və yardım materiallarının toplanmasına çağırıb.

İTALİYA

İtaliya Qırmızı Xaç Cəmiyyəti də Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyə və Suriyaya kömək məqsədilə ianə kampaniyasına başlayıb.

İtaliya Qırmızı Xaç Cəmiyyətinin prezidenti Rosario Valastro verdiyi açıqlamada deyib: “Bu dramatik saatlarda son dərəcə şiddətli zəlzələdən zərər çəkən Türkiyə və Suriya xalqlarına yardıma ehtiyac var. Qırmızı Xaç humanitar yardım göndərməyə və beynəlxalq yardım səylərində iştirak etməyə hazırdır. Hər kəs bu cür dramatik dağıntılar qarşısında ianə verə və ya öz köməyini təklif edə bilər”.

Valastro, düşüncələrinin həyatını itirənlərlə və əvvəldən əllərindən gələni etməyə çalışan Türk Qızıl Aypara və Suriya Qızıl Ayparası ilə olduğunu qeyd edib.

ALMANİYA

Başda Qırmızı Xaç olmaqla Almaniyadakı bir çox yardım təşkilatı, Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Türkiyə və Suriyaya yardım üçün ianə kampaniyasına başlayıb.

Alman Qırmızı Xaç Cəmiyyəti (DRK), Bündnis Entwicklung Hilft, Aktion Deutschland Hilft və Humedica kimi təşkilatlar öz saytlarında zəlzələ qurbanları üçün ianə toplamağa başlayıblar.

Dünən Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) də yardım kampaniyasına başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90