“Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib.
Busaat.az xəbər verir ki, almaniyalı mütəxəssis Bakıya qələbə üçün gələcəklərini bildib:
“Heyətdə bəzi dəyişikliklər edə bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Bəzi itkilərimiz də var. Manuel Quldo, Conatan Şmidt kimi oyunçular Bakıya getməyəcək. Azərbaycanda yüz faiz gücümüzü ortaya qoyacağıq ki, qələbə qazanaq. Bizim üçün bu, böyük təcrübədir. İlk olaraq “Qarabağ”la oyunu düşünürük, ondan sonra “Köln”lə Bundesliqadakı matça köklənəcəyik”.
O, özü üçün start heyəti müəyyənləşdirdiyini də deyib: “Start heyətində kimlərin olacağını bilirəm. 27 futbolçumuzun hamısı yaxşıdır, hazırdır. Kimin oynaması yox, yaxşı çıxış etmək önəmlidir. Hamımız bir yerdə gedəcəyik”.
Ştrayx “Qarabağ”ın çox yaxşı komanda olduğunu da qeyd edib:. “2008-ci ildən Qurban Qurbanov orada baş məşqçidir. Bu da çox böyük üstünlükdür. Onların güclü hücumçuları var. Buna diqqət yetirmək lazımdır. Yaxşı ki, evdə 2:1 hesablı qələbə qazandıq. Bizim xüsusi bir üstünlüyümüz var ki, artıq birinci yeri qazanmışıq”.