Zaqatala rayonunda sel nəticəsində dağılan körpü müvəqqəti bərpa olunub, gediş-gəliş təmin edilib.
Bu barədə Busaat.az-a Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.
Komissiya sədri bildirib ki, rayonun “Qazangül” adlanan ərazisində avtomobillərin və sakinlərin istifadə etdiyi körpünün bir hissəsi dünən axşam saatlarında çaya gələn güclü sel nəticəsində yuyulmuşdu: “Bu gün səhər saatlarından etibarən körpünün yuyulan hissəsinə daş-çınqıl tökülərək bərpa olunub. Hazırda sakinlərin gediş-gəlişi ilə bağlı bir problem yaşanmır”.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti nəticəsində Zaqatala rayonu ərazisində ciddi fəsadlar meydana gəlib. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.