Zelenski: “Strateji əhəmiyyətə malik Bəhmut bizim nəzarətimizdədir”
“Donetsk vilayətində cəbhə xəttində yerləşən Bəhmut şəhərinin müdafiəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Ukrayna prezidenti Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiya ilə Ukrayna arasında 10 aydır davam edən müharibə ilə bağlı dəyərləndirmələr edib.
Bu gün müdafiə qüvvələrinin rəsmiləri ilə görüşdüklərini və qarşıdurmaların davam etdiyi cəbhə xəttindəki vəziyyəti müzakirə etdiklərini bildirən Zelenski Rusiyanın Ukraynaya qarşı intensiv hücumlarının davam etdiyini bildirib.
Rusiya ordusunun xüsusilə Donetsk vilayətindəki Bəhmut şəhərini ələ keçirmək üçün şiddətli hücumlar həyata keçirməyə davam etdiyinə diqqət çəkən Zelenski qeyd edib: “Bəhmut istiqaməti mühüm əhəmiyyət kəsb edir. Şəhər bizim nəzarətimiz altındadır, lakin işğalçılar orada sağlam bir divar belə qalmaması üçün əllərindən gələni edirlər”.
Cəbhənin digər nöqtələrində də Rusiya qüvvələrinə qarşı mübarizəni davam etdirdiklərini qeyd edən Zelenski, “Biz işğalçıların Zaporojye bölgəsində, Xerson vilayətində, ümumiyyətlə cənubda varlığını tədricən azaldırıq” – deyə, açıqlama edib.
Ordu rəsmiləri ilə Ukraynanın Rusiya və Belarusla sərhədlərindəki təhlükəsizlik vəziyyətini də müzakirə etdiklərini bildirən Zelenski, həm Rusiya, həm də Belarusla sərhədin qorunmasının hər zaman prioritet olduğuna diqqət çəkib.
Dekabrın 16-da Rusiya qüvvələrinin Ukraynanın enerji infrastrukturlarına həyata keçirdiyi raket hücumları nəticəsində elektrik enerjisinin ciddi şəkildə kəsildiyinə diqqət çəkən Zelenski, işıqsız qalan 9 milyon insanın yenidən elektrik enerjisi ilə təmin edildiyini qeyd edib.
Busaat.az





