2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi.
Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycanın Ağdam rayonu hərbi əməliyyatlar keçirmədən, siyasi yolla işğaldan azad edildi.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsınız. Biz tarixi yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanslı tarixini yazırıq. Bu zəfər tarixidir.”
Ağdamın və torpaqlarımızın azad edilməsi xalqımızın və dövlətimizin birgə iradəsi və əzmi ilə əldə edilən böyük bir naliyyətdir. Ağdamın işğaldan azad edilməsi, tarixi və mədəni irsin bərpaedilməsi, ərazi bütövlüyünün qorunması və bölgədə sabitliyin təmin edilməsi baxımından strateji bir əhəmiyyət kəsb edir.
İşğal edilmiş rayonlar arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hal-hazırda isə rayon sakinlərinin sayı 204 mindir.
Azərbaycan hökümətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaqdır. 1828-ci ildən şəhər statusunu daşıyan Ağdam şəhəri müstəqil Azərbaycanın ən gözəl incilərindən birinə çevrilməklə yanaşı tarixi köklərini də qoruyub saxlayacaq.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırmışdı, hətta Əl-Cəzirənin internet nəşri, Ağdamı “ruhlar şəhəri” siyahısına salmışdı. İşğaldan azad ediləndən sonra isə minadan təmizləmə və quruculuq işləri tam gücü ilə davam edir. Plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçürüləcək.
Azərbaycan Respublikasının erkən orta əsr şəhər tipli ən möhətəşəm yaşayış məskənlərindən biri xarabalığı indiki Ağdam rayonun Boyəhmədli kəndi ərazisində yerləşən Govurqala abidəsi idi. Govurqala ağ daşdan inşa edilmiş xristian (alban) məbədi onun memarlığını xarakterizə etmək üçün ən yaxşı nümunədir. Ağdam rayonunun Xaçıntürbətli kəndindəki Qutu Musa oğlu türbəsi və Kəngərli kəndindəki türbə, Papravənd kəndində XVIII
əsrə aid 2 türbə məscid də qədim memarlıq abidələrindəndir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdir. Ağdam bölgəsində Xaçın-Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi, türbələr, Ağdam Şahbulaq məscidi Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğu zaman çox hissəsi dağıdılmışdır.
XX əsrin 70-ci illərində dünyada cəmisi bir necə yerdə mövcud olan çörək muzeylərindən biri də Qarabağ regionun mərkəzi şəhəri olan Ağdamda yaradılmışdı. Həmin muzeydə çörəyin istehsalı üçün lazım olan hər cür alət və avadanlıqlar toplanmışdır. Bu muzeyhər bir tamaşaçıya müqəddəs torpağa, vətənə və çörəyə bağlılığı, mədəniyyət ənənəsinə rəğbətitəbliğ edirdi. Təəssüf ki, bu muzey Ermənistan hərbiçilərinin Ağdamı işğalı zamanı dağıldı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. 20 noyabr Ağdam günü kimi müəyyən olunmuşdur. Ağdamın Baş Planına əsasən şəhər tamamilə bərpa olunub, müasir tələblərə cavab verən yaşayış kompleksləri, məktəblər və uşaq bağçaları, parklar inşa olunacaq. Ən əsas isə Ağdamda Zəfər muzeyi və açıq hava altında işğal muzeyi fəaliyyət göstərəcək. Əhalinin işlə təmin edilməsi məqsədi ilə Ağdam sənaye parkı, mehmanxanalar da fəliyyət göstərəcək. İnfrastuktur tamamilə qurulduqda isə Ağdam ölkəmizin, hətta regionun ən gözəl şəhərlərindən biri olacaq və həyat var gücü ilə burda çağlayacaq. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi “Ağdam üçün yeni bir dövrbaşlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu kəndləri bərpa edəcəyik.” Ermənilər hesab edirlər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər: “Onlar bilmirlər ki, Azərbaycan xalıqının ürəyində-bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıb ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.”
Nəsimi rayonu, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın tarix müəllimi
Novruzova Sevinc