“Atlantic Council”-ın icraçı direktoru Frederik Kempe “CNBC” saytı üçün tərtib etdiyi siyahıda 2020-ci ildə optimist olmaq üçün 6 səbəbin olduğunu qeyd edir.
Birinci səbəb – beynəlxalq rifahın inkişafıdır. Bu yaxınlarda yayımlanan “Legatum Prosperity” indeksi göstərir ki, qlobal rifah heç vaxt bu qədər yüksək səviyyəyə qalxmayıb. Ötən 10 il ərzində indeksə daxil olan 184 ölkədən 167-də rifah səviyyəsi yaxşılaşıb, 19 ölkədə isə pisləşib. Bu ölkələrdə dünya əhalisinin 99% yaşayır. İnkişaf səhiyyə sektorundan tutmuş təhsil sektoruna kimi bir çox sahəyə təsir edib. Dünya Bankının məlumatına əsasən, 1990-cı illərdən bəri 1 milyarddan çox insan kritik yoxsulluq səviyyəsindən çıxıb. Beləliklə, bu gün insanların cəmi 10%-i kritik vəziyyətdə yaşayır.
İkinci səbəb – dünyanın ən pis yerləri yaxşılaşır. “The Economist” qəzeti hər ilin dekabr ayında “ilin ölkəsi”ni seçir. Cari ildə bu ada Özbəkistan layiq görülüb. Bütün bunlar 2016-cı ildə avtokrat rəhbər İslam Kərimovun vəfat etməsinin ardınca hakimiyyətə gələn baş nazir Şövkət Mirziyoyevin xidməti, səyləri sayəsində mümkün olub. Nəşr qeyd edir ki, Kərimovun ölümünə kimi Özbəkistan “qeyri-adi amansızlıq, səriştəsizliklə rəhbərlik edilən bağlı cəmiyyət” olub.
Bütün dünyada orta təbəqə hələ heç vaxt bu qədər böyük olmayıb, dünya əhalinin yarısı isə demokratik sistemlərdə yaşayır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyin artması ilə bağlı əsaslı narahatlıq mövcuddur. Lakin daha pozitiv tendensiyalara az diqqət yetirilib. Xüsusən, ard-arda artıq bir neçə ildir ölkələr arasında bərabərsizlik zəifləyir. Sənaye inqilabından sonra birinci dəfədir ki, dünya əhalisinin yarısını orta sinfin nümayəndələri adlandırmaq olar. Avtokratiya şəraitində yaşayanların 90%-i Çinin payına düşür. Çində avtokratiya getdikcə daha da güclənir. Ölkə başqalarını da buna həvəsləndirir.
Zorakı münaqişələrin sayı azalıb. Böyük Britaniya gələn il Avropa Birliyini (AB) tərk etməyə hazırlaşır. Bu zaman qitədəki fatalistlər yenidən öz bildiklərini etməyə başlayıblar. Amma onlar yaddan çıxarırlar ki, Qərbi Avropada artıq üç nəsildir heç bir müharibə, münaqişə olmayıb. Və bu məsələdə AB qurumlarının, həmçinin Fransa və Almaniya arasında sülhün əldə olunmasının böyük əhəmiyyəti var.
İnsanlar daha ağıllı və daha təmkinli olmağa başlayıblar. Bill Geyts Stiven Pinkerin “Elə indi maariflənmə” kitabından sitat gətirərək iddia edir ki, hər 10 ildən bir orta IQ səviyyəsi 3 pillə artır. “Qidalanmanın və ətraf mühitin yaxşılaşması sayəsində uşaqların beyni hərtərəfli inkişaf etməyə başlayıb”, – deyə Geyts bildirir. Onun sözlərinə görə, əgər 100 il əvvəl dünyanın sadəcə 20 ölkəsində homoseksualların yaşamasına icazə var idisə, bu gün bu rəqəm 100-ə çatıb. “Legatum”-un apardığı sorğu göstərib ki, 10 il əvvəlki dövrlə müqayisədə 11 ölkənin vətəndaşları daha təmkinli davranıblar. Xüsusən, LGBT-ə aid suallarda.
Texnologiyalar planeti xilas edə bilər. Süni intellekt bəzi səbəblərdən dolayı qorxulu təsir bağışlayır. Lakin tarix texnoloji dəyişikliklərin neqativ təsirdən daha çox müsbət inkişafa səbəb olduğu nümunələrlə doludur. Qabaqcıl texnologiyalar sağlamlığı daha yaxşı qoruya, hətta iqlim problemlərini həll edə bilər. Yeni il öncəsi yaxşı olar ki, nikbinliyimizi qoruyub saxlayaq. Çünki optimistlər qlobal problemləri həll etmək üçün yollar axtarmağa daha həvəsli olurlar, onlar bütün bunların öhdəsindən gələcəklərinə inanırlar.
(Tərcümə: Xpressa.net)