Hazırda dünyada danışılan 7 000-dən çox dildən 3 000-ə yaxını 21-ci əsrin sonunda yox olmaq təhlükəsi ilə üz-üzədir.
Busaat.az xəbər verir ki, YUNESKO-nun məlumatlarına görə, hazırda dünyada 7 000-dən çox dil danışılır. Onlardan 6 700-ü yerli xalqların dilidir ki, bu da onları dünyada “ən çox təhlükə altında olan” dillər edir.
BMT-nin 2019-cu ildə qeyd olunan Yerli Dillər Beynəlxalq İli çərçivəsində qəbul edilən qətnamə layihəsinə əsasən, YUNESKO dövlətləri yerli dillərin qorunması üçün fondlar və mexanizmlər yaratmağa çağırır.
YUNESKO-nun məlumatına görə, yerli əhali ölkə əhalisinin kiçik bir hissəsini təşkil etsə də, bu icmalar mədəni və dil müxtəlifliyinin ən böyük hissəsini təşkil edir. Dillərin yoxa çıxması isə kosmopolitliyin və bəşəriyyətin ümumi irsinin dönməz şəkildə itirilməsi demək ola bilər. BMT-nin məlumatına görə, dil müxtəlifliyinin itirilməsi bioloji həyatdan tutmuş mədəni həyata qədər hər şeyə təsir edir.
1950-ci ildən bəri heç kim tərəfindən danışılmayan dillər YUNESKO-nun Nəsli kəsilməkdə olan Dillər Dünya Atlasına görə “sönmüş” dillər hesab olunur.
Çox tez-tez danışılmayan, nənə və babaların və ya yaşlı insanların ən son danışanları olan dillər “kritik təhlükə altında” hesab olunur. Uşaqların artıq ana dili kimi danışmadığı dillər “mütləq təhlükə altında”, uşaqlar tərəfindən danışılan, lakin hər yerdə danışılmayan dillər də “həssas” dillər kimi təsnif edilir.
Bir dilin “təhlükəsiz” sayılması üçün dildə heç bir məhdudiyyət qoyulmadan bütün nəsillər tərəfindən danışılmalıdır. Bu təsnifata görə, bu günə qədər danışılan dillərin 4 faizi “sönmüş” dillərə aid edilir.
Bu gün danışılan dillərin 10 faizi “kritik təhlükə altında”, 9 faizi “ciddi təhlükə altında”, 11 faizi “mütləq təhlükə altında” və 10 faizi “həssas” dillərə aid edilir.
YUNESKO bu dillərin əsrin sonunda yoxa çıxa biləcəyindən narahatdır.
Busaat.az