Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
2018-ci il təvəllüdlü Məryəm Hüseynlini vurub öldürən 1990-cı il təvəllüdlü Mehman Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törətdiyini bildirib.
Belə ki, azyaşlının atası uşağı qonşuda yaşayan ailəyə verib getdikdən sonra həmin gün geri qayıtmayıb. Sürücü işləyən M.Mansurov həmin gecə qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşadığı qadınla birgə gecə saatlarında uşağın ağladığını görüb.
Yuxusu pozulan M.Mansurov azyaşlı qızı sakitləşdirə bilmədiyini görərək ona zərbələr endirib. Bu zaman Məryəmin öldüyünü görən şəxs onun meyitini götürərək həyətə çıxıb və dərinliyi 10 metrə yaxın olan quyuya atıb.
Qeyd edək ki, azyaşlının atası yanvarın 23-də övladını götürmək üçün qonşuya gəldikdə onun yoxa çıxdığını görərək polisə məlumat verib. Yanvarın 31-də Məryəmin öldüyü, qonşuluqda yaşayan Mehman Mansurov tərəfindən meyitinin quyuya atıldığı, üstünə qum və mişar daşlarının atıldığı məlum olub. FHN xilasedicilərinin köməkliyi ilə meyit quyudan çıxarılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /// publika.az