
9 Noyabr

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan bayrağı ilə bağlı ilk qərar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərəfindən qəbul edildi.Azərbaycan bayrağı göy,qırmızı və yaşıl rənglərdən ibarətdir. Üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayraq 1:2 ölçüsündədir. Üçrəngli bayraq ideyasını gündəmə ilk dəfə Azərbaycan ideoloqlarından olan Əli bəy Hüseynzadə gətirib. Əli bəy Hüseynzadə 1907-ci il iyun ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir, fayda) jurnalında olan bir məqaləsində “Türk hissiyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə işlətdiyi bu fikri sonralar böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: ” Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.Əsası Əli bəy Hüseynzadə tərəfindən qoyulan və Ziya Göyalp tərəfindən inkişaf etdirilən bu şüar sonralar Azərbaycan bayrağında öz əksini tapıb.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 1918-ci il iyunun 21-dən noyabrın 9-a kimi istifadə olunmuşdur. 9 noyabr 1918-ci ildə isə müasir üçrəngli bayraqla əvəz olunmuşdur.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 18 oktyabr 1991 ci-ildə müstəqillik haqqında Konstitusiya Sazişi qəbul olundu və üçrəngli bayraq yenidən Azərbaycan Respublikasının dövlət bayrağı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr tarixinin Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsinə qərar verildi. Bu tarix Azərbaycan Demokratik Respublikasının 9 noyabr 1918 – ci ildə üçrəngli Azərbaycan Bayrağını dövlətin rəsmi bayrağı elan etdiyi qərarı ilə əlaqələndirilir. Dövlət Bayrağı Günü ölkədə tətil günü elan edilir və qanuni olaraq iş günü hesab edilmir. Dövlət Bayrağı Günü ilk dəfə 9 noyabr 2010 – cu il tarixində qeyd olunub.
Bayraq hamımız üçün müqəddəs sayılır. Bu il 44 günlük Vətən Müharibəsi zamanı da insanlarımız, gənclərimiz bayrağa olan sevgilərini bir daha göstərdilər. Təki sən dalğalan deyən minlərlə gənc vətən üçün, bayraq üçün qan tökdülər,canlarını qurban verdilər. Bu gün dalğalana üçrəngli bayraq bizim üçün müqəddəs and yeri,qürur yeridir.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.(Bəxtiyar Vahabzadə)
Mədinə Xubaliyeva-Bakı Slavyan Universiteti























