ABŞ-ın Miçiqan Universitetində dərs keçən azərbaycanlı: “Bu yerə öz gücümlə gəldim”

image-977a5bf1ba5f19de9ce27531f5adfe7a1728281191_1728041031_1-recovered-copy-recovered-recovered-jpgbackend

Nərgiz Hacıyeva “ABŞ”-nin Miçiqan Universitetinin nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə azərbaycanlı xanım siyasi alimdir. O, artıq həmin universitetdə tələbələrə dərs deməyə başlayıb. Nərgiz Hacıyeva 1993-cü ildə Gəncə şəhərində anadan olub. Ata tərəfi Cavad xan nəslindəndir. O, bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Valyuta.az Nərgiz Hacıyeva ilə müsahibəni təqdim edir:

– Nərgiz xanım, beynəlxalq münasibətlər üzrə təhsil alanda diplomat olmaq fikriniz var idi?

 Bəli, diplomatlıq sahəsinə marağım 6-cı sinifdən başlayıb. O zamanlar tarixi filmlərə olan marağım bu sahəyə olan sevgimi daha da artırdı. Universitetə hazırlıq dövründə, tarix müəllimim mənə “Nərgiz, sən tarixin əslisən” deyirdi. Tarix kitabını açanda, siyasi tarixi əzbərləməyim o qədər güclü idi ki, hansı səhifədə hansı cümlənin yazıldığını belə bilirdim.

– Bakıda təhsilinizi başa vurandan sonra Gəncədə işləmisiniz.

 Bəli, ilk iş təcrübəmə 20 yaşımda Gəncə Şəhər İcra Hakimiyyətində məsul katib və baş məsləhətçi olaraq başlamışam. Eyni zamanda, Gəncə şəhər Heydər Əliyev Mərkəzində İngilis dili qrupunun rəhbəri idim. Daha sonra Litvada və Fransada magistr təhsilimi siyasi elmlər və diplomatiya üzrə fərqlənmə ilə başa vurdum. Diplomatik tədqiqatçı kimi Çexiyanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Praqa Beynəlxalq Əlaqələr Mərkəzində çalışdım. Ardınca, Korvinus Universitetinin Soyuq Müharibə tədqiqatları institutunda siyasi tarix üzrə tədqiqat aparmışam.

– İqtisad Universitetindəki fəliyyətiniz hansı dövrü əhatə edir?

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018-ci ildən bəri elmi fəaliyyət göstərirəm. 2018-2022-ci illərdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentində çalışmış, pandemiya dövründə isə İsveçrə federal təqaüdünə layiq görülərək St. Gallen Universitetində doktorluq tədqiqatımı aparmışam. İsveçrədə olarkən, İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik Metodlar işçi qrupunun direktoru vəzifəsinə təyin edilən ilk azərbaycanlıyam. UNEC-lə əlaqələrimi saxlayaraq isveçrəli tələbələr üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı təlimlər təşkil etmişəm. UNEC-də işlədiyim müddətdə müxtəlif Avropa ölkələrindən Erasmus və digər təqaüd proqramlarının ölkəmizə gətirilməsinə töhfə vermişəm. Hazırda UNEC-də Elmi Fəaliyyətin Təşkili şöbəsinin müdiri və UNEC Qadın Tədqiqatçılar Şurasının rəhbəriyəm. Hazırda isə Miçiqan Universitetində Weiser təqaüdçüsü olaraq postdoktoral tədqiqatımı aparıram. Mən, həmçinin Weiser təqaüdçüsü olmaqla yanaşı, İsveçrə Federal Təqaüdçüsüyəm. Bu, mənim üçün böyük nailiyyətdir, çünki İsveçrə, neytral ölkə olmasına baxmayaraq, elmi fəaliyyətimlə qələbə çalaraq bu ölkənin nüfuzlu universitetlərindən biri olan St. Gallen Universiteti Siyasi Elmlər və İqtisadiyyat Məktəbində çalışıram.

– İngilis, fransız, alman, rus, türk və litva dillərini bilirsiniz. Bu xarici dilləri öyrənmə həvəsiniz necə yaranıb?

 Dillərə olan marağım uşaqlıqdan yaranıb və bu maraq illər boyu daha da güclənib. Hazırda altı dil bilirəm. İngilis dilinə ilk addımlarımı xalamın sayəsində atmışam. O, mən hələ 3-cü sinifdə oxuyarkən bu dildə təməlimi qoyub. Digər dilləri isə özüm öyrənmişəm. Atam bizə evdə rus dilini öyrətmişdi, amma maraqlıdır ki, bizi rusdilli məktəbə göndərmədi. Hər iki bacı azərbaycandilli məktəbdə oxumuşuq, baxmayaraq ki, atam özü mükəmməl şəkildə rus dilini bilirdi və bu dildə təhsil almışdı. Bu təcrübədən sonra qətiyyətlə düşünürəm ki, ana dilini dərindən bilməyən diplomat əsl diplomat ola bilməz. Fransız dilini öyrənməyə 8-ci sinifdən başladım və sonra Fransada fransız dilində təhsil aldım. Litva dilini Litvada kurslar vasitəsilə, alman dilini isə İsveçrədə akademik səviyyədə mənimsəmişəm. Hər yeni dil, sanki yeni insan kimidir. Dilləri sevirəm və onları tez qavrayıram. Yeni dillər öyrənmək mənim üçün yalnız ünsiyyət vasitəsi deyil, həm də yeni dünyalar, yeni mədəniyyətlər kəşf etmək deməkdir. Bu, dil bilgilərimin həyatımda və işimdə nə qədər vacib olduğunu bir daha sübut edir və hər dəfə bu bacarıqlarım mənə əlavə güvən hissi verir.

– Bu təqaüdə layiq görülən ilk və yeganə xanım siyasi alim olmusunuz. Sizdən əvvəl bu statusa heç bir xanımın sahib olmamasının səbəbini nədə görürsünüz?

 Siyasi elmlərdə iştirak edən yeganə azərbaycanlı siyasi alim olmağım, bu proqramlarla bağlı Azərbaycanda məlumat və elmi təcrübənin az olmasından irəli gəlir. Bu kimi təlimləri, istər UNEC-də, istərsə də digər universitetlərdə müvəffəqiyyətlə vermişəm. Bizim düşüncələrimiz və yanaşmamız fərqlidir. Bir də bu proqramlarda iştirak yüksək akademik fərqlənmə və elmi fəaliyyət tələb edir. Bu proqrama müraciət edəndə siz dünyanın müxtəlif ölkələrindən dosent, fəlsəfə doktorları ilə böyük rəqabətin içinə daxil olursunuz. Bu yerə öz gücümlə gəldim, hər zaman ailəm və professorlarım mənə dəstək olub, məsləhətlər veriblər. Lakin, xarici elmi rəhbərlərimin rolu da çox böyükdür. Mən çalışqan insanam, “political scientist” adını mənə xarici professorlarım verib. Müstəqil və analitik düşüncə, bu sahədəki ən vacib keyfiyyətlərdəndir. Hər bir müzakirəyə, hər bir araşdırmaya yeni bir baxış gətirmək, elmi müzakirələrin və tədqiqatların dərinliyini artırır. Bütün bunlar, mənim siyasi elmlərdəki fəaliyyətimi daha da dərinləşdirir və genişləndirir. Mən, eyni zamanda, gənc nəsillərə ilham vermək, onların siyasi biliklərini artırmaq üçün çalışıram. Bu, mənim üçün yalnız şəxsi məqsəd deyil, eyni zamanda, cəmiyyətə olan töhfədir.

Nərgiz Hacıyeva insanlara məqsədlərinin ardınca getməsi üçün məsləhətlər də verib:

“İnsanın həyatda bir məqsədi olmalıdır. Məqsədsiz insan limansız gəmi kimidir. Biz bu dünyaya sadəcə mövcud olmaq üçün gəlməmişik və ya 9-dan 6-ya işə gedib-gəlməklə həyat bitmir. Həyatı yaşamaq lazımdır, onu hiss etmək, yaratmaq və öz mənanı tapmaq vacibdir. Və bunu etmək üçün insan mübariz olmalıdır, dönməz və əzmkar. İnsanı getdiyi yoldan nə çəkindirə bilər? Heç nə. Əgər qərar mənə aiddirsə, haqqım mənimdirsə, heç kim məni yolumdan döndərə bilməz. Yaponlar həyatın mənasını “ikigai” ilə ifadə edirlər – həyatın dəyərli və mənalı məqsədi. Tədqiqat apararaq yağışlı havada kiçik bir künc kafedə oturub isti qəhvə içmək məni xoşbəxt edirsə, bu, mənim öz həyatımı yaratmağımdır. Hər bir an, hər bir seçim mənə aid dünyadır. Həyat sadəcə günləri ötürmək deyil, onu dərin, şəxsi bir şəkildə mənalandırmaqdır. Öz dünyamı yaratmaq, mənə həqiqi sevinc gətirən anlarla dolu həyat qurmaqdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki