ABŞ türk şirkətlərinə sanksiya qoydu
ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən Türkiyədə fəaliyyət göstərən təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
Busaat.az xəbər verir ki, bu sanksiyalar ABŞ-nin keçən il başlayan Ukrayna müharibəsindən sonra Türkiyəyə qarşı atdığı ən böyük addımdır.
ABŞ Maliyyə Nazirliyinin elan etdiyi sanksiyalara 20-dən çox ölkədən 120-dən çox şəxs və təşkilat daxildir.
Sanksiyaya məruz qalan Türkiyədə yerləşən təşkilatlar arasında həm mülki, həm də hərbi təyinatlı “ikili istifadəli” məhsulların Rusiyaya gətirilməsinə kömək etməkdə ittiham olunan bir elektronika şirkəti və texnologiya ticarətçisi də var.
ABŞ rəsmisi Reuters-ə verdiyi açıqlamada sanksiyaların hədəfi olan Türkiyə mərkəzli, dənizçilik və ticarət sahəsində fəaliyyət göstərən qurum və şəxslərin “Rusiyaya bağlı” və ya “Rusiyanın nəzarətində” olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri Ceyms O’Brien keçən həftə verdiyi açıqlamada mart və aprel ayı ticarət rəqəmlərinə baxacaqlarını və Rusiya ilə ticarətdə əhəmiyyətli bir azalma gözlədiklərini söyləyib.
Busaat.az





