Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, WWF və IDEA İctimai Birliyinin dəstəyi ilə 2010-cu ildən həyata keçirilməyə başlanılan “Azərbaycanda ceyranların reintroduksiyası” layihəsi uğurla davam etdirilir. Belə ki, ötən gün Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölünə daha 8 baş ceyran buraxılıb.
Busaat.az xəbər verir ki, ceyranların tarixi arealının bərpası layihəsinə başlanılanda Acınohur çölünə 14 baş ceyran buraxılmışdı. Ötən müddətdə isə onların sayı 89 başa çatdırılıb. Bu dəfə isə daha 8 ceyran Acınohur çölünə buraxılıb. Keçən ilin payızında bu ərazilərdə təbii artım da daxil olmaqla, ceyranların sayı 335 başa çatıb.
“Azərbaycanda ceyranlarin reintroduksiyası” layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülən ceyranlar Acınohura gətirilərək çöllərə buraxılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arzu Babayevanın sözlərinə görə, ötən dövr ərzində 370 baş ceyran ölkənin müxtəlif məkanlarına, tarixən ceyranların yaşadıqları ərazilərə reintroduksiya olunub. Elə Acınohur çöllərinə gətirilən ceyranlar da qısa müddətdə ərazilərə uyğunlaşır.
Diqqəti cəlb edən maraqlı məqamlardan biri də ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbə-könüllülərə ceyranların təbiətə buraxılma anını izləməsinə şəraitin yaradılmasıdır. Gələcəyin ekoloqları olan tələbələr bu tarixi anlara şahidlik etməkdən qürur duyduqlarını və gələcək həyatlarında mühüm hadisə kimi qalacağını bildirirlər.
Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölü və Axar-baxar ərazisinə ceyranların köçürülmə prosesi başa çatandan sonra iştirakçılar ağacəkmə aksiyasına da qatılıblar. Axar-baxar yaylasında müxtəlif növ ağaclar əkilərək, qulluq göstərilib.