Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
Bu barədə Busaat.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Dövlət Bayraq Meydanının ərazisində təşkil olunan festivalda mövsümün 5-ci toxum sərgi-satış yarmarkası təşkikl olunub.
Yarmarkada 30-a yaxın toxum istehsalçısı öz məhsullarını nümayiş etdirib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında regionun torpaq-iqlim şəraitinə uyğun rayonlaşmış bitki sortlarının düzgün seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun əhəmiyyəti, əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verilməsinin vacibliyi barədə maarifləndirmə işləri aparılıb.
Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və gələcək əkinlər üçün öz sifarişlərini veriblər.
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılarla yanaşı aqrar sahədə öz xidmət və məhsullarını təklif edən 40-a yaxın yerli və xarici şirkət iştirak edib. İxtisaslaşmış şirkətlər tərəfindən innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, rayonlaşmış yeni kənd təsərrüfatı bitki sortlarının toxumları, heyvan cinsləri, gübrə və pestisidlər nümayiş olunub.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərlə bərabər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Süni Mayalandırma Mərkəzi, həmçinin elmi-tədqiqat institutlarının mütəxəssisləri xidmətləri barədə fermerlərə məlumat verib.
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Buğda və arpa yetişdirilməsinə dair aqrotexniki qulluq qaydaları” mövzusunda təlim keçirilib.
Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr verilib.
Növbəti festival sentyabrın 14-də Hacıqabul rayonunda keçiriləcək.