Ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir

image-1backend

Tarixdə elə şəxsiyyətlər var ki, onların xalq qarşısındakı xidmətləri, fəaliyyətləri əvəzolunmaz, təkararsızdır. Məhz bu cür yüksək insani keyfiyyətləri özündə birləşdirən şəxslər qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri ilə yaddaşlara həkk olunurlar. Belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.

image-2

Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib. O ən ağır, mürəkkəb əməliyyatlar apararaq görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu yüksək insanlıq təkcə bilik, savadla deyil, gendən, Onun böyüdüyü ailədən gələn keyfiyyət idi. Akademik Zərifə Əliyevanın doğulub boya-başa çatdığı ailə, mühiti Onun sonrakı taleyində, fəaliyyətində böyük rol oynayıb. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında vacib yer tuturdu.

Bu mənada Akademik Zərifə Əliyevanın alim kimi qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində böyük bir mərhələni əhatə edir. Zərifə Əliyeva təkcə elmi-pedaqoji fəaliyyətlə deyil, yüksək ixtisaslı gənc alim kadrların, oftolmoloq-həkimlərin yetişdirlməsində də müstəsna xidmətləri olub. Məhz Zərifə Əliyevanın tələbələrinə zəngin həyat təcrübəsi öyrətməsi və onlara xüsusi diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq Onun yetişdirdiyi kadrlar bu gün insanlarımızın sağlamlığının keşiyindədir.
Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Ağır və təhlükəli vaxtlarda belə Zərifə Əliyeva ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevi bir an belə tək qoymayıb, Onun dayağına çevrilib.

Akademik Zərifə Əliyeva ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. O öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirmişdi. Onun xalq qarşısında ən böyük xidmətlərindən biri də böyüdüb boya-başa çatdırdığı övladı cənab Prezident İlham Əiyev Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyaraq ərazilərimizin düşməndən azad edilməsinə, tarixi ədalətin bərpa olunmasına nail olub. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.
Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki