“Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tam dolmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular, Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Heç şübhəsiz bu, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan yeni uğurlara imza atır. Son olaraq lokal antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna ən gözəl nümunədir.
Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.
Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri əsrlərlə yaşı olan erməni yalanlarını və layihələrini 24 saatdan az müddətdə darmadağın edərək tarixin tozlu səhifələri arasında layiqli olduğu yerə göndərdi.Əməliyyat nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda erməni separatizminin kökünü demək olar ki, kəsdi və özünün söz sahibi mövqeyini daha da möhkəmləndirdi.
Azərbaycan dövləti geosiyasi vəziyyəti düzgün qiymətləndirərək növbəti dəfə zərgər dəqiqliyi ilə düşünülmüş və nəticələri Cənubi Qafqazda sabitliyə təhlükə yaradan qüvvələr üçün sarsıdıcı olan addım atdı. Azərbaycan lideri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bir daha bütün dünyaya dövlətimizin qüdrətini və suverenliyinə qarşı təhdidlərlə barışmaz mövqeyini nümayiş etdirdi.
Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi. Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir”.
Leyla Haşumova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, YAP üzvü