“Əslində hərbi əməliyyat Ukrayna ərazisində getdiyindən atəşkəsdə daha maraqlı tərəf elə Ukrayna olmalıdır”.
Bunu Putinin Ukraynaya atəşkəs çağırışını şərh edən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın atəşkəsə razı olması cəbhədə vəziyyətin ürəkaçan olmadığından xəbər verir: “Rusiyanın hərbi arsenalı getdikcə tükənir. Ukraynanın Qərbdən silah dəstəyi alması Rusiyanın hərbi əməliyyatları dayandırmasını vacib edir. Atəşkəs çağırışı məhz buna hesablanıb. Hərbi əməliyyatlar artıq bir ilə yaxındır davam edir. Rusiya şəxsi heyətdə ciddi itkilər verib. Raketlərin böyük hissəsi artıq istifadə edilib. Ukrayna bunu anladığına görə dayanmaq istəmir və Rusiya qoşunlarını ərazilərindən çıxarmayana qədər mübarizəni davam etdirir”.
Əməliyyatların hazırkı vəziyyətinə diqqət çəkən politoloq qeyd edib: “Əslində hərbi əməliyyat Ukrayna ərazisində getdiyindən atəşkəsdə daha maraqlı tərəf elə Ukrayna olmalıdır. Lakin burada başqa bir məsələ var. Rusiya başqa ölkənin ərazisində vuruşur. Daimi şəkildə Ukraynada cəmləşdirdiyi böyük sayda qoşunun hərbi və digər təhcizatlarını təmin etməlidir. Bunu davamlı şəkildə həyata keçirmək müəyyən çətinlik yaradır. Ona görə Rusiya müəyyən fasilələr qazanmağa çalışır.
Eyni zamanda kollektiv Qərb Ukraynaya yeni və müasir silah, tank və digər sursatlarla təmin etmək haqqında artıq rəsmi açıqlama verib. Bunun isə hərbi əməliyyatlarda heç də Rusiyanın xeyrinə olmayacağını rəsmi Moskva anlamamış deyil. Bu baxımdan Rusiya indiki status-kvonu qorumaq üçün müəyyən bir dövr üçün hərbi əməliyyatların dayandırılmasında maraqlıdır”.
Ələsgər / Busaat.az