Avropada xaos böyüyür: Fransa, Almaniya, İngiltərə, Çexiya üzərindən ARAŞDIRMA

image-tetilbackend

Avropa ölkələrində enerji qiymətləri və inflyasiya səbəbindən tətillər və etiraz dalğaları artır. Fransa və Almaniyada mühüm sektorlarda on minlərlə işçi tətil edərkən, İngiltərədə bir çox sektorda tətil hazırlıqları davam edir. Belçika, Çexiya və Macarıstanda etiraz aksiyaları keçirilir.

Avropada Avrozona inflyasiyası yüzdə 9,9 ilə rekord qırarkən, ərzaq və enerji qiymətlərindəki artım bir çox sektorda maaş artımından yüksək olub. Buna cavab olaraq, bir çox sənaye sahələrində həmkarlar ittifaqları işçiləri istefa verməyə və daha yaxşı müqavilələr tələb etməyə səsləyib.

Avropanın bir çox ölkəsindəki tətillər gündəlik həyata mənfi təsir göstərib. Son həftələrdə Avropada baş verən əsas tətillərdən bəziləri bunlardır:

FRANSA
Fransada həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat, təhsil və səhiyyə də daxil olmaqla bir çox peşə qrupu tətil elan edib və inflyasiya səviyyəsinə uyğun olaraq maaş artımı tələb edib. Ölkədəki neft emalı zavodları və yanacaq anbarlarında başlayan tətillərdən sonra ötən gün nəqliyyat sektorunda çalışan işçilər və müəllimlər maaşların artırılması tələbi ilə iş yerlərini tərk ediblər.

Fransanın dəmiryol operatoru SNCF işçilərinin iştirakı ilə keçirilən tətil nəticəsində qatar xidmətlərindəki çatışmazlıqlar səbəbindən bir çox sektorlarda, xüsusilə nəqliyyat, təhsil və səhiyyədə ciddi problemlər yaşanıb.

SNCF kollektivi şirkətə yeni işçilərin alınmasını tələb edərkən, sentyabrın sonundan tətil edən yanacaq işçiləri isə, məvaciblərinə əlavə təzminat tələb edirlər. Oktyabrın 16-da Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı nümayiş keçirilib. Təşkilatçıların məlumatına görə, aksiyada 140 min insan iştirak edib.

Fransada neft hasilatı azalıb
Neft bazalarında və neft emalı zavodlarında davam edən tətillər səbəbindən Fransada benzin istehsalı 60 faizdən çox azalıb və bu, hər üç yanacaqdoldurma məntəqəsindən birində yanacaq çatışmazlığına səbəb olub. EDF nüvə enerjisi qrupunun işçiləri də bu həftə tətilə başlayıblar. Bu isə, onsuz da qəliz olan vəziyyəti daha da pisləşdirib.

Fransanın “TotalEnergies” enerji şirkəti işçilərinin üç həftəlik tətili neft tədarükünün kəskin azalmasına səbəb olub, Fransa hökuməti isə neft nəhəngini maaşlarını artırmağa çağırıb.

FRANSIZ NAZİRDƏN ŞİRKƏTƏ ÇAĞIRIŞ
RTL radiosuna danışan maliyyə naziri Bruno Le Maire, “Etiraza səbəb olan şirkətlərin qazandıqları mənfəəti bilsəydiniz… Qazancı çox olan şirkətlərin maaşları artırmaq öhdəliyi var və Total bu şirkətlərdən biridir” – deyə, bildirib.

TotalEnergies ilə CGT həmkarlar ittifaqının liderləri arasında ilk danışıqlar dünən baş tutub. Lakin görüş uğursuz keçib. Belə ki, Reuters-ə danışan həmkarlar ittifaqının nümayəndəsi bəyan edib ki, dörd neftayırma zavodunda və Dunkirk zavodunda tətil davam edəcək. Fransanın energetika naziri Agnes Pannier-Runacher isə tətillərlə bağlı danışarkən,  ” əmək haqqı artmalıdır” deyə çağırış edib.

ALMANİYA
Almaniyanın hava yolu şirkəti Lufthansa-nın törəmə şirkəti olan Eurowings ötən gün gecə yarısından etibarən yüzlərlə uçuşu təxirə salmalı olub. Buna səbəb şirkətin pilotlarının 3 günlük tətil elan etməsidir. Eurowings Almaniyada 170-dən çox reysi ləğv edib və bu 10 mindən çox sərnişinə təsir edib.

Eurowings günlük orta hesabla 500-ə yaxın uçuş həyata keçirir və 50-70 min sərnişini Almaniya və Avropadakı təyinat yerlərinə çatdırır.

Oktyabrın 6-da, kollektiv əmək haqqı müqaviləsi üzrə danışıqların 10-cu raundunun nəticəsiz qalmasından sonra Eurowings-in pilotları da 24 saatlıq tətilə başlayıblar. Tətil səbəbindən Eurowings Almaniyada 250-dən çox reysi ləğv edib və 30 mindən çox sərnişinə xidmət göstərə bilməyib.

İNGİLTƏRƏ
Unite həmkarlar ittifaqı bildirib ki, Böyük Britaniya logistika şirkəti GXO-da 1000-ə yaxın sürücü ayın sonundan etibarən beş gün ərzində əmək haqqlarının artırılması səbəbiylə tətil edəcək. Buna görə də, şirkət pivə tədarükündə fasilələr olacağı barədə xəbərdarlıq edib.

Bundan əlavə, ölkənin ən böyük tibb bacıları həmkarlar ittifaqının 300 mindən çox üzvü maaşların artırılması tələbi ilə tətil səsverməsinə başlayıb. Gənc həkimlər və təcili yardım işçiləri də maaşların artırılması tələbiylə səs verməyi planlaşdırırlar. Ölkənin dəmiryol işçiləri əmək haqqı və iş təhlükəsizliyi ilə bağlı tələblərlə yürüş keçiriblər.

Qeyd edək ki, avqust ayında poçt və dəmiryol işçiləri də tətil etmişdilər.

MACARISTAN
Oktyabrın 14-də minlərlə macar tələbə və valideyn iki həftə ərzində ikinci böyük mitinqdə bir araya gəlib. Etirazçılar maaşların artırılması tələbi ilə aksiya keçirdikləri üçün işdən qovulan müəllimlərə dəstək olmaq üçün bir araya gəliblər.

ÇEXİYA
Sentyabrın 28-də on minlərlə çex işçi Praqada enerji qiymətlərinin artmasına və ölkənin NATO və Avropa İttifaqı siyasətinə etiraz edib. Praqanın Vatslav meydanına toplaşan minlərlə etirazçı hökumətin istefasını tələb edib.

BELÇİKA
Sentyabrın 21-də Brüsseldə minlərlə insan enerji qiymətlərinin artmasına və yaşayış standartlarının bahalaşmasına etiraz etmək üçün küçələrə çıxıb. Ən son iyun ayında keçirilən analoji etiraz aksiyasında təxminən 70 min belçikalı işçi iştirak edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90