Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi tederlərdən daha ikisinin nəticələri açıqlanıb. Onlardan bir reallaşa bilsə də, digəri ləğv edilib.
Belə ki, AYNA yeni “TX London Taxsis” markalı taksi minik avtomobilləri üçün GPS avadanlıqlarının satınalınmasını həyata keçirəcək. “CASPEL” MMC ilə bununla bağlı 309.626,1 manatlıq müqavilə də imzalanıb.
Bildirək ki, bu yay AYNA “London taksi”ləri üçün daha bir GPS müsabiqəsi təşkil etmişdi. Həmin vaxt 200 min manatlıq GPS alınmışdı.
Qeyd edək ki, “Caspel” təkcə AYNA-nın deyil, bir çox qurumların da samballı tenderlərinin qalibi olub. Ötən ilin dekabrında bu şirkət İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyinin 3 tederinin qalibi olub. Həmin tederlər üzrə bağlanmış müqavilələrin dəyəri isə toplamda 6 232 793 manat olub.
Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində o da məlum olub ki, “Caspel” MMC-nin bu qədər tenderə sahib olması heç də səbəbsiz deyilmiş. Belə ki, sözügedən şirkət keçmiş vergilər naziri Fazil Məmmədovun yaxınlarına məxsusdur. Həmin məlumata görə, “Caspel” MMC-nin həqiqi sahibi bir vaxtlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən, həmçinin Fazil Məmmədovun yeznəsi olan Namiq Quliyevə məxsus olduğu deyilir. Açıq mənbələrə bununla bağlı çoxlu sayda məlumatlar da var.
Bundan başqa, “Caspel” MMC-nin adı Vergilər Nazirliyi ilə birlikdə pos-terminal, texniki xidmət və nəzarət-kassa aparatları qalmaqlına qarışıb. Həmin məlumatlara görə, 2011-ci ildən 2016-cı ilə qədər N.Quliyevin oğluna məxsus olduğu deyilən “CASPEL” MMC-nin gətirdiyi nəzarət-kassa aparatları və POS terminalları vergi ödəyicilərinə məcburən satılıb. Bu azmış kimi, 2014-cü ildə Vergilər Nazirliyi adıçəkilən şirkətdən 5 mln. 747 min manatlıq informasiya-kommunikasiya xidməti alıb. 2015-ci ildə isə nazirlik şirkətlə “195” Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64 900 manat ödəyib.
Rəsmi qaynaqlarda “Caspel” MMC-nin hüquqi təmsilçisi Quliyev Ceyhun Məhi oğlu göstərisə də, bu şirkətin “Caspel Holdiq”ə bağlı olduğu da sirr deyil. Həmin holdinqin təsisçisi isə Namiq Quliyevin həyat yoldaşı Nailə Məmmədovadır.
Hazırda şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Bəzi açıq qaynaqlarda iddia edilir ki, şirkət 2010-2021-ci illər aralığında dövlət satınalmalarının vahid internet portalında olmayan bir sıra tenderlərin də qalibi olub. Həmin iddialara görə, “Caspel” MMC-nin bu zaman 39.6 milyon manatdan artıq pul qazanıb.
Şirkətin yetərli qədər vergi borcu da olub. Lakin buna baxmayaraq, tenderlərə buraxılıb ki, bu da qanunsuzdur. Çünki “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkət tenderlərdə iştirak edə bilməz.
Bu əsnada, AYNA eyni gündə bir başqa tenderini də uduzub. “SMS məlumatlandırma sisteminin sms balansının artırılmasının ( qısa mesaj xidməti) satınalınması üzrə elan edilmiş 136.880 manatlıq tenderin qanunun bəzi tələblərinin pozulması səbəbindən ləğv edildiyi qeyd edilir.