“Azərbaycan Atabəyləri” filmi post-münaqişə dövründə milli ideyamızın formalaşmasına xidmət edir
Şübhəsiz ki, hər bir filmin konkret ideyası olmalı və bu ideya əvvəlcədən müəyyənləşdirilməklə filmin sonunadək hadisələri təqib etməlidir. Yəni hədəf kimi müəyyənləşdirilən məqsədə xidmət etməli, tamaşaçını da məhz, bu ideyalarla silahlandırmalıdır. Azərbaycan Atəbəyləri filmində bu ideya yeni reallıqlar kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi ”bizə yeni milli ideya lazımdır” siyasi-ideoloji çağrışı əsasında formalaşdırılmışdır. Hətta mən deyərdim ki, film məhz, bu çağırışa cavab kontekstində çəkilmişdi. Ancaq eyni zamanda dövrün tarixi reallıqlarını təhrif etmədən… Mənə elə gəlir ki, filmin ən yaxşı məziyyətlərindən biri də bu idi. Çünki Azərbycan Prezidenti 2023-cü ilin dekabr ayında yerli mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, 30 illik müstəqillik dövründə bizim milli ideyamız ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. İndi isə yeni reallıqlar yarada bilmişik və bu reallıqlara uyğun olaraq bizə yeni milli ideya lazımdır. Şübhəsiz ki, bu tarixi fikir cəmiyyətimizdə milli özünüdərki yenidən formalaşdıracaq və milli enerjimizi yeni məqsədlər üçün səfərbər edə biləcək ümummili bir məqsədi hədəf kimi müəyyənləşdirəcək. Bunun təməli isə ilk növbədə tarixi əsaslara söykənən və ortaq milli identikliyə əsaslanan ümummilli ideya olmalıdır. Azərbaycan Atabəyləri filmində müraciət edilən tarixi dövr milli–etnik coğrafiymızın bütöv dövrü olmaqla yanaşı, eləcə də sosial-mədəni identikliyimizin də bütöv dövrüdür. Doğrusu gələcək milli maraqlarımız və məqsədlərimiz üçün bundan daha yaxşı tarixi dövrə xitab etmək mümkün deyildi. Çünki həmin dövr həm ümumtürk identikliyi, həm də ümumi ümmət identilkiyi baxımından birlik və bütövlük dövrüdür. Yəni ayrı-ayrı türk boyları arasında fərq olmadığı kimi parçalanma da yoxdur. Bütün bunlar filmin çəkildiyi tarixi mərhələdən ən az 200 il sonra baş verəcəkdi. Ona görə də bu gün yuxarıda söylədiyimiz sosial-ideoloji və etnik-mədəni baxımdan bütöv dövrə xitab etmək strateji mənada bu günki siyasi maraqlarımızla uzlaşr. Hazırda milli təhlükəsizliyimiz məhz, həmin tarixi dövrə bənzər gerçəkliyi yaratmaqdan keçir.
Filmin məzmunu və bu günkü siyasi çağırışlar
Azərbaycan Prezidenti inaqurasiya mərasimində, Milli Məclisdə etdiyi çıxış zamanı bildirdi ki, bizim ailəmiz türk dünyasıdır. Daha sonra aydın izah etdi – çünki başqa ailəmiz yoxdur! Bu o deməkdir ki, dövlətimiz və xalqımızın gələcəyi bu ailənin içərisində mümkündür. Elə xarici siyasətimizin əsas prioriteti də budur. Nəticə etibarilə bu gün Türk Dövlətləri Təşkilatının, onun TÜRKPA, Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi struktur vahidlərinin yaradılması da bu istiqamətdə göstəriləcək fəaliyyətin birbaşa institutlaşdırılmasıdır. Doğrudur bəzi qonşularımız bu təşkilatlanmanı Turan adlandıraraq hətta Zəngəzur dəhlizinə Turan dəhlizi deyərək Azərbaycanı siyasi şantaja məruz qoymaq istəyirlər. Ancaq kimin nə deməyindən asılı olmayaraq bu bizim tarixi coğrafiyamzıdır və bizə aid olan coğrafiyada siyasi təşkilatlanma yaradaraq öz milli maraqlarımızı təmin etmək bizim milli vəzifəmizdir. Buradakı ”biz” TDT-yə üz olan bütün türk dövlətləridir. Ona görə də Azərbaycan Atabəyləri filmində söhbət elə bu coğrafiyadan gedir. Ya da bu coğrafiyanın sadəcə bir hissəsindən. Belə olan halda “Azərbaycan Atabəyləri” filmində göstərilən və tarixi gerçəkliyi əks etdirən hadisələri kimlərəsə və ya hansısa qonşu ölkələrə təhdid kimi dəyərləndirmək milli məqsədlərimizdən narahatlığın təzahürüdür.
Filmin bədi-estetik tərəfləri haqqında
Şübhəsiz ki, tarixi filmləri populyar edən təkcə məzmunu deyil, həm də ayrı- ayrı hissələrdə təqdim olunan cəlbedici döyüş səhnələridir. Bu zaman aktyorların geyimləri, aksion yaratmaq qabiliyyətləri və bu hərəkətlərin yaratdığı səs effekti olduqca vacib komponentlər kimi çıxış edir. Bu mənada filmdə təqdim olunan Qara Sunqur və Şəmsəddin Eldəniz obrazları sanki tarixin özündən qopub gəlmiş həqiqi qəhrəmanlardır. Hər iki qəhrəmanın önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır. Geyim və ailə münasibətlərinin təqdimatı da milli ənənələrimizlə uzlaşdırılır. Bu isə müasir tamaşaçını tarixə ekskurs etdirməklə keçmiş və bu günki dəyərlərimiz arasında birbaşa bağın mövcud olmasına inandırır.
Tarixi hadisələrin səsli şərhi
Yuxarıda qeyd etdiyimiz kimi filmin ideyası və hədəfi tarixi yaddaşımızdır. Ancaq bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Ona görə də xüsusi təmkin və soyuqqanlı səs effekti ilə hadisələrə izahat verilməsi tarixi dövr haqqında aydın təsəvvür yaratmaq üçün olduqca vacibdir. Filmdə bu bu problem də uğurlu həllini tapıb. Xüsusi diqqət cəlb edən məsələlərdən biri də Gəncə zəlzələsindən sonra böyük Nizami Gəncəvinin dünyaya gəlməsi hadisəsinin ekranlaşdırılmasıdır. Düşünürəm ki, həm bu hadisə, həm də Zəngəzur yolu ilə karvanların işləməsi epizodları tarixi həqiqət olmaqla həm də bu günümüzə verilən ismarıclardır. Çünki Nizami multikultural Azərbaycanın simvollarından biri olmaqla dünyanı yeddi gözəlin dili ilə izah edir, Makedoniylı İsgəndəri Bərdəyə gətirir, Türkü dürüstlük və ədalət rəmzi kimi təqdim edir. Bu gün də Çinli gözəlin də, Roma mədənyyətindən gələn Avropanın da, yolu Zəngəzur dəhlizində kəsişir, ya da birləşir desək daha doğru olar. Beləliklə, XII-ci əsrdən bu günə qədər dünya siyasəti və mədəniyyətində dəyişməyən milli mövqemiz, rolumuz çox aydın şəkildə dünyaya təqdim olunur. Bütün bunların sadəcə bir filmdə təqdim edilməsi isə şübhəsiz ki, olduqca böyük naliyyətdir. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm
Hikmət Babaoğlu
Milli Məclisin deputatı