Məlum olduğu kimi, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələbləri pozduğuna görə “Azərbaycan Dəmir Yolları” QSC-ni 246 241 manat cərimələyib. Cərimələnməyə səbəb kimi qurumun inhisarçı davranışları göstərilib.
Belə ki, ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, “Azərbaycan Dəmir Yolları” QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Busaat.az-ın araşdırmasına görə, işə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlərin tətbiq edildiyi aşkarlanıb.
Bu, 11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı – Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.
“Azərbaycan Dəmir Yolları” QSC mediada yayılan informasiyaları və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddialarını rədd edərək, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin yükdaşıma sifarişlərindən imtinalarının əsassız olmadığını və Dövlət Xidmətinə müraciət etmiş bu şirkətlərin ADY-yə külli miqdarda borc öhdəliklərinin olduğunu açıqlayıb.
Reallıq isə tamamilə başqadır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi qərarına əsasən, “Alliance Logistics” MMC-nin müraciəti, eləcə də həmin müraciət üzrə toplanılmış əlavə məlumatlarda “ADY” QSC-nin konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı, özünün törəmə şirkətləri olan “ADY Ekspress” MMC və “ADY Konteyner” MMC ilə fəaliyyət göstərdiyi, həmin törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina etdiyi, 2023-cü ilin noyabr ayında “Alliance Logistics” MMC-nin sifarişi ilə “Gürcüstan Dəmir Yolları” SC-dən daxil olmuş 40-dan çox “mesplan”ın (tranzit yükdaşımalar zamanı marşrut üzrə daşımada iştirak edən dəmiryol administrasiyalarının öz əraziləri üzrə yükün hərəkətinə icazə verilməsini təmin edən sənəd) razılaşdırılmasından heç bir əsas gətirmədən imtina etdiyi və nəzarətində olan Hövsan stansiyası tərəfindən 2023-cü ilin iyul-avqust ayları üzrə “Alliance Logistics” MMC-yə (o cümlədən törəmə müəssisəsi “Alliance Multimodal” MMC-yə) göstərilmiş xidmətlərə görə artıq yığımlar hesabladığı qeyd olunub.
Əlavə olaraq, “Alliance Multimodal” MMC-nin 2023-cü fraxt ilində Sumqayıt Yük Terminalının xidmətlərindən istifadə etmək məqsədilə “ADY Konteyner” MMC ilə müqavilə bağladığı, həmin müqaviləyə uyğun olaraq “Alliance Multimodal” MMC-nin bir çox sifarişlərin icrası üzrə öhdəliklərinin yarandığı, lakin “ADY Konteyner” MMC tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi və “ADY” QSC-nin törəmə şirkəti tərəfindən yeni müqavilənin bağlanılmasından imtina olunduğu, “ADY Konteyner” MMC-nin Azərbaycan Respublikasının gömrük orqanlarına müraciət edərək “Alliance Multimodal” MMC-ni qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaqda ittiham etdiyi qeyd olunub.
“Caspian Rail” MMC-nin müraciətində “ADY” QSC ilə şirkət arasında bağlanılmış 28.12.2018-ci il tarixli HÜQ 939 nömrəli “Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında” müqavilənin müddətinin tərəflərin razılığı ilə 31 dekabr 2025-ci il tarixinədək müəyyən edilməsinə baxmayaraq,”ADY” QSC-nin heç bir əsas gətirmədən 30 noyabr 2023-cü il tarixində müqavilənin ləğvi barədə bildiriş göndərdiyi, “Caspian Rail” MMC ilə yanaşı digər özəl ekspeditorlara da eyni məzmunlu bildiriş təqdim edildiyi, lakin həmin şirkətlərə əlavə olaraq yeni tələblər və şərtlər əsasında agent-ekspeditor fəaliyyətinin həyata keçirilməsi üçün “ADY” QSC-yə müraciət etmək hüququnun da verildiyi qeyd olunub.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 14-cü bəndinə əsasən magistral və yerli dəmiryol xəttlərinin,yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti,dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısına” daxil edilib.
Araşdırmaya görə, təbii inhisar subyekti olan “ADY” QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə Orta Dəhliz üzrə daşımaların artırılmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, “ADY” QSC tərəfindən özəl sahibkarlıq subyektlərinə fəaliyyətinə müxtəlif maneələr yaradılır,”ADY” QSC tərəfindən “ADY Konteyner” MMC-yə güzəştli və xüsusi tariflər tətbiq olunur. Nəticədə, “ADY” QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.
Nəzərə almaq lazımdır ki, ölkədə dəmir yol infrastrukturu dövlət mülkiyyətindədir və “ADY” QSC tərəfindən idarə olunur.
Onu da bildirək ki, “Alliance Logistics” MMC-nin nümayəndəsi Roman Qaraşov tərəfindən “Alliance Logistics” MMC-nin törəmə müəssisəsi olan “Alliance Multimodal” MMC və “ADY Konteyner” MMC (“ADY” QSC-nin törəmə müəssisəsi) arasında Sumqayıt Yük Terminalının xidmətlərindən istifadə etmək məqsədilə bağlanmış müqaviləyə “ADY Konteyner” MMC tərəfindən əsassız olaraq birtərəfli qaydada xitam verildiyi, habelə “Alliance Multimodal” MMC tərəfindən icrası başa çatmamış öhdəliklərin yerinə yetirilməsi barədə müraciətlər edilməsinə baxmayaraq “ADY Konteyner” MMC-nin bu öhdəlikləri yerinə yetirməkdən və yeni xidməti müqavilə bağlamaqdan imtina etdiyi qeyd edilib.
İşin icrası zamanı təqdim olunmuş məlumatlardan aydın olub ki, bütövlükdə 2023-cü il ərzində fəaliyyət göstərmiş 7 fraxt-agentdən (“ADY Ekspress” MMC, “Alliance Logistics” MMC, Alliance Logistics FZCO, “Caspian Rail” MMC, “ADY Konteyner” MMC, “Sara Logistics” MMC, “EL Logistics Group” MMC) yalnız biri (Alliance Logistics FZCO) tam olaraq avans (öncədən) ödənişlər etməklə, “ADY” QCS ilə qarşılıqlı fəalliyyətini həyata keçirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı – Dövlət büdcəsinə ödəməlidir dövlət büdcəsinə qaytarmamaq üçün yol verdiyi qanunsuzluqlarla BURADAN (file:///C:/Users/Ali%20Qurban/AppData/Local/Microsoft/Windows/INetCache/IE/4AFQ4SX7/IMG_0001[1].pdf) ətraflı tanış ola bilərsiniz.