Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir

image-1704052406-ilham-aliyev987backend

Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir.

Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. Cənab Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər zaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilata inteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək. Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək.

 

İradə Hüseynova,

Nəsimi rayon Təhsil işçisi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki