Statistikaya görə, 2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17%-i 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda bu göstərici 5% ətrafındadır.
Busaat.az-ın məlumatına görə, belə ki, 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 000 ədədə enib. Eyni zamanda 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi iki dəfədən çox azalaraq 21%-dən 10%-ə enib.
Maraqlıdır ki, 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalmasının səbəbi nədir?
Nəqliyyat eksperti Aslan Əsədov Busaat.az-a açıqlamasında bildirib ki, vətəndaşların buraxılış ili maksimum yeni olan avtomobillərə üstünlük verməsi arzuolunandır.
Onun sözlərinə görə, köhnəlmiş avtomobil parkının yenilənməsi üçün yeni maşınların alışı ilə bağlı prosedur yumşaldılmaldır:
“Əksər ölkələrdə istismara yararsız və texniki parametrləri tələb olunan meyarlara cavab verməyən bütün sinif avtomobillərin idxalı və satışı qadağan olunub. Bu gün Azərbaycanda isə ümumi avtomobil parkının təxminən 70%-ni yaşı 10-dan yuxarı olan avtomobillər təşkil edir”.
Müsahibimiz hesab edir ki, əhalinin yeni avtomobillərə üstünlük verməməsinə əlavə rüsumlar və gömrük xərcləri kimi amillər təsir edir. Bundan başqa, xaricdə ili yeni olan avtomobillərin qiyməti çox bahadır:
“Bu fonda 5-10 yaş arasında olan avtomobillərin qiyməti çox ucuz başa gəlir. Yəni əhalinin yeni avtomobillə bağlı imkanları o qədər də geniş deyil”.
Aslan Əsədov vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər atmosferə buraxılan zərərli maddələrin səviyyəsini 35-40 faiz azaltmağı planlaşdırır.
Anar Əsədov: Əhalinin yeni avtomobillə bağlı imkanları o qədər də geniş deyil
“Bu gün Azərbaycanın avtomobil parkında əhali daha çox iqtisadi baxımdan əlverişli olan və ekoloji təmiz avtomobillərə üstünlük verirlər. Ölkəmizdə elektromobillərin, hibrid avtomobillərin satışının stimullaşdırılması üçün müvafiq tədbirlər görülüb. Mühərrik həcminin az olduğu avtomobillərin rüsumdan azad edilməsi və ya rüsumların yumşaldılması ilə bağlı müvafiq qərarlar qəbul olunub. Bu isə avtomobil bazarının yenilənməsinə təsirsiz ötüşmür. Ümid edirəm ki, yaxın gələcəkdə buraxılış ili yeni olan və vətəndaşlar üçün iqtisadi baxımdan səmərəli olan avtomobillərin alışı və satışı daha da artar”.
Xatırladaq ki, ötən il Nazirlər Kabinetinin 94 saylı qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilib.