Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq Baş İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.
İrandakı səfirliyimizin məlumatına görə, görüşlərdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparıb.
Qeyd edək ki, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Siyasi şərhçi Əhəd Məmmədli Busaat.az-a deyib ki, İran-Azərbaycan arasında ən gərgin dövr məhz İbrahim Rəisinin prezidentliyi və Hüseyn Əmir Abdullahianın xarici işlər naziri olduğu dönəmə təsadüf edir.
Ekspertin sözlərinə görə, İranda əsas söz sahibi ölkənin ali dini rəhbəri olsa da, prezident və XİN rəhbərinin siyasəti də önəmli roy oynayır:
“Bu iki postun sərgilədiyi mövqe, yanaşma proseslərə təsirsiz ötüşmür. Düşünürəm ki, yeni prezident Məsud Pezeşkianın dövründə Azərbaycan-İran münasibətlərinin istiləşmə dövrüdür. Hər halda Pezeşkian da türk kökənlidir. Düzdür, Pezeşkian ilk növbədə İranın dövlət maraqlarını müdafiə edəcək. Təbii ki, İranda mövcud olan radikal-siyasi hakimiyyətin sadiq şəxslərindən olacaq. Ancaq istənilən halda prezidentin türk kimliyinin qabardılması, soydaşlarımızla bağlı məsələlərin gündəmə daşınması müsbət hal kimi dəyərləndirilməlidir. O baxımdan Bakı-Tehran əlaqələrinin normallaşacağını istisna etmirəm. Şübhəsiz, söhbət iki ölkənin qısa zamanda müttəfiq olmasından getmir”.
Əhəd Məmmədli: Ankara və Moskvanı da işə sala bilərik ki, Tehran-İrəvan münasibətini gözdən keçirsin
Həmsöhbətimiz diqqətə çatdırıb ki, istiləşmə dövründə mümkün qədər çalışmalıyıq ki, İranı Ermənistana dəstək verməkdən çəkindirə, daşındıra bilək:
“Ankara və Moskvanı da işə sala bilərik ki, Tehran İrəvanla isti münasibəti gözdən keçirsin. Xüsusən, Zəngəzur dəhlizi məsələsində bizə problemlər yaratmasın. Heç kimə sirr deyil ki, Zəngəzur dəhlizinin daha tez zamanda reallaşmasının qarşısını məzh İran hökuməti alır. Azərbaycan dəhlizə nəzarəti ələ alacaq gücdədir. Sadəcə İran buna imkan vermir. Məhz İranın ərazisindən Hindistandan gələn silahlar Ermənistana ötürülür. İran-Ermənistan münasibətləri yüksək səviyyədədir və ermənilər İranı çox sevirlər. Bunları qısa müddətdə dəyişdirə bilmərik, amma ən azından zəifləməsi yönündə addımlar atıla bilər. Azərbaycan Prezidenti “İranda milyonlarla soydaşımız yaşayır” ifadəsini işlətdi. Rəsmi Bakı Tehranla münasibətlərdə bu kartdan istifadə etməlidir. Bu da İrana qarşı bizim təsir rıçağımız olmalıdır”.