Bakıda bibisi oğlunu bıçaqlayaraq öldürməyə cəhd göstərən 1986-cı il təvəllüdlü Rahib Niyyətovun məhkəməsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Gecə saat 3 radələrində Rahib bibisi oğlu, 1993-cü il təvəllüdlü Orxan Hümbətova bıçaqla 6 zərbə endirib. Ağır xəsarətlər alan Orxan çətinliklə dayısı oğlunun əlindən çıxaraq qaçıb və taksiyə minərək özünü xəstəxanaya çatdırıb. Cərrahi əməliyyatla onun həyatı xilas edilib.
Məlum olub ki, iki qohum arasında torpaq sahəsinə görə münaqişəli vəziyyət olub. Rahib bibisi oğlunun onun arxasınca danışdığını iddia edib və onu öldürmək niyyətinin olmadığını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılan cinayət işi daha sonra məcəllənin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd göstərmə maddəsinə tövsif edilib. İstintaqı prokurorluq aparıb və Rahibə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Rahib Niyyətov 29,120.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. O, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.