Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür.
Artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb. Ödənişini hələ almayan mülkiyyətçilərin əmlakları üzrə isə kompensasiya prosesi başa çatdıqdan sonra növbəti mərhələdə söküntü işləri aparılacaq.
Məlumata görə, kompensasiya məbləğləri vətəndaşlara təxminən 3-4 ay əvvəl təqdim edilib və mülkiyyətçilərin əksəriyyəti təklif olunan şərtlərlə razılaşıb. Yaşayış sahəsinin hər kvadratmetri üçün 1200 manat, qeyri-yaşayış sahələri üçün 600 manat kompensasiya müəyyənləşdirilib. Bundan əlavə, hasarların hər metri 200 manat, şamboların hər biri isə 300 manat məbləğində qiymətləndirilib.
Kompensasiya hesablanarkən yalnız evin sahəsi deyil, torpaq ərazisindəki anbar, zirzəmi, ağaclar və digər əlavə tikililər də nəzərə alınıb. Evin ölçüsündən və ərazidəki tikililərdən asılı olaraq, bəzi mülkiyyətçilərə ümumilikdə 100 min manatdan artıq kompensasiya hesablanıb.
























