Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov yeni açıqlamaları ilə gündəmə gəlib.
Busaat.az xəbər verir ki, “Künc-Bucaq” adlı “YouTube” layihəsinin qonağı olan icra başçısı Şuşaya köçüb orada yaşamaq niyyətində olduğunu bildirib:
“Şuşaya köçəcəyəm. İcazə versələr evimin yerində evimi tikəcəyəm, verməsələr də harada desələr orada yaşayacağam, cənab Prezidentin göstərişi nə olacaqsa, onu da edəcəyəm. Allah onun canını sağ eləsin, biz o qədər utanclı yaşayırdıq ki… Amma indi cənab Prezident bizə sanki dedi ki, “Papağınızı götürün qoyun başınıza”.
Kənar yerlərdə erməni görəndə görürdüm ki, yekə-yekə danışır, başıma o qədər belə hadisə gəlib ki… Deyirdi ki, “Duxunuz çatır gəlin alın”. Nə cavab verəydim? Topum-tüfəngim vardımı?
Təqribən 10 il əvvəl başıma belə hadisə gəlib. O vaxt Moskvada biz qarşılaşdıq, həmin erməni ilə salam-kəlamımız vardı. Öz yoldaşları ilə gəldi, bizimlə oturdu, sonra çay içərək söhbətləşəndə dedi ki, Qarabağ 70 il sizdə olub qoy indi də bizdə olsun. Dedim ki, yox, o torpaqlar bizimdir axı. O isə cavabında bildirdi ki, duxunuz varsa, gəlin, alın. Cənab Prezidentimiz sağ olsun, onlara “duxu” da, dəmir yumruğu da göstərdi, torpaqlarımızı azad etdi. Həmin erməni isə indi həyatda yoxdur, ölüb”.
B.Səfərov vaxtilə dediyi “Paşinyanı Şuşada görsəm, qayadan aşırdaram” fikirlərinə də aydınlıq gətirib:
“Vaxtilə demişdim ki, Paşinyanı görsəm, qayadan aşırdaram, indi də o gücü özümdə hiss edirəm, hətta gücüm indi daha artıqdır. O sözümə görə də o vaxt məni tənqid etmişdilər. Həmin vaxt mənə sual vermişdilər ki, Paşinyanı Cıdır düzündə görsən nə edərsən? Mən də bu cür cavab vermişdim, demişdim ki, onu Şuşada qayadan aşağı ataram. Əlbəttə ki, torpağıma xəyanət edənlə döyüşməyə hər zaman hazır olmuşam”.