Xəbər verdiyimiz kimi, son günlər meymunçiçəyi ilə bağlı ÜST narahatlığını ifadə edib. Xəstəliyin hətta pandemiyaya çevriləcəyini bildirib, insanları vaksinasiyaya çağırıb. Meymunçiçəyinin iki növü olduğu deyilir: “Klad-1” və “Klad-2”.
Ümumdünya Səhiyyə Təşkilatı ikinci növ meymunçiçəyinin yayılmasından olduqca narahatdır. Çünki bu növ çox sürətlə yayılır və hazırda xəstəliyə yoluxmuş uşaqlar arasında ölüm halları çoxdur.
Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin yayılmasını “fövqəladə hal” adlandırıb. Son məlumatlara görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb.
Bundan əlavə, qonşu ölkədə, Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları da artıb.
Bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib. Bildirilib yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur.
Hər iki xəstəliyin aktivləşməsi qarşıdan gələn payız mövsümündə insanlar üçün hansı təhlükələr yarada bilər? Azərbaycan hər iki infeksiya ilə bağlı ən sərt karantinə gedə bilərmi?
Busaat.az xəbər verir ki, bununla bağlı Referans.az-a həkim- infeksionist Mərdan Əliyev açıqlama verib. Həkim payızda ölkəmizi hər hansı karantinin gözləmədiyini bildirib:
“Çünki koronavirusla bağlı vəziyyət demək olar ki, həll olunub. Düzdür, payız mövsümündə virusla bağlı artımlar qeydə alına bilər. Koronavirusun “Flirt” variantının yoluxduruculuğu fərqlidir, hazırkı peyvənddən yayına bilir. Nəticə olaraq “Flirt” yeni vrus deyil. Omikron ştammının alt variantıdır. Sentyabr ayında peyvəndlərdə “güncəlləmə” olacaq. Ölkəmizə yeni peyvəndlər gətiriləcək. Risk qrupuna daxil olan şəxslər könüllü şəkildə peyvənd oluna bilərlər. Xəstəliyi olanlar, əvvəllər koronavirusu ağır keçirənlər, yaşı 65 yaşdan yuxarı şəxslər peyvənd oluna bilərlər. Düşünürəm ki, kütləvi peyvəndlənməyə ehtiyac olmayacaq”.
İnfeksionist meymunçiçəyinin ölkəmizə gələcəyi ilə bağlı yanaşmasında bildirib ki, hazırda virusun yayılan forması daha yüngül olanıdır: “Meymunçiçəyi təmas yolu ilə yoluxur. Avropada “parti”lər çox təşkil olunur deyə virusa yoluxma kütləvi müşahidə olunur. Bizim ölkədə belə hal yoxdur. Virus hava yolu ilə yoluxmur, cinsi əlaqə yolu və digər təmas yolları ilə ilə yayılır. Dəridəki yara digər sağlam dəriyə dəyərsə, insan virusa asanlıqla yoluxa bilər”.