BNA əhaliyə müraciət etdibackend

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Busaat.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusi ilə həyati vacib sahədə çalışanların zəruri ictimai nəqliyyat xidmətləri ilə təmin olunmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə çevik və analitik təhlilə əsaslanan tədbirlər həyata keçirməkdədir.

Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əksepidemik tədbirlərin dövrlüyü artırılıb. İstismarda olan bütün avtobuslar (1 600-1 800) və 3 000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2 000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1 425 avtobus və 3 000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur.

Sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün də müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir.

Gündəlik sərnişindaşımalarla yanaşı TƏBİB-in müraciəti əsasında tibbi personalın və digər şəxslərin karantin zonaları və xəstəxanalara daşınması üçün regionlar üzrə 473, Bakı şəhəri üzrə isə 372 avtobus cəlb olunub.

Metronun fəaliyyətinin məhdudlaşdırılması, daha sonra isə dayandırılması ilə sərnişindaşımaları yalnız avtobuslar vasitəsi ilə həyata keçirilir. Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspres avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart – 6 avqust tarixlərində 7 ekspres xətt üzrə ümumilikdə 2 795 613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137 292 769 olub.

Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan tələbatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır.

Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36 000 – 40 000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək.

Qeyd olunanlarla yanaşı artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi ilə yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atılır. Bu çərçivədə nəqliyyat yükü çox olan 130 küçə və prospektdə svetoforlara verilən yaşıl dalğa əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub.

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır. Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir. Aparılan təhlillər əsasında pilləli iş saatlarının tətbiqindən əvvəl və sonra müvafiq vaxt aralığında müntəzəm və ekspres marşrutlar ilə edilən səfərlərin orta sayında cəmi 2.8% fərq olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, pilləli iş saatına tam riayət olunmur və bu səbəbdən istənilən nəticəni əldə etmək mümkün olmayıb.

Məlumat üçün bildiririk ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır.

Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub.

Son olaraq bütün hərəkət iştirakçılarından bir-birinə qarşı anlayışlı olmalarını, yol hərəkəti və karantin qaydalarına əməl etmələrini xahiş edirik. Sərnişinlərə zərurət olmadığı halda səhər və axşam pik saatlarında avtobuslardan istifadə etməməyi tövsiyə edirik. Fərdi avtomobil sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyəri vətəndaşlarımız və sərnişinlərimizdir.