Son zamanlar ölkəmizdə vətəndaşlar taksi ilə bağlı bir çox problemlərlə rastlaşırlar. Zaman-zaman bu problemlər işıqlandırılsa da, nəinki həlli tapılmır, əksinə yeniləri də əlavə olunur.
Bakıvaxtı.az xəbər verir ki, belə problemlərdən birini də jurnalist Natiq Cavadlı özünün “Facebook” hesabında yazıb:
“Hava limanından “Bolt”a sifariş verirəm, taksi tapılır və 20 manat göstərir. 1 dəqiqə ötməmiş sürücü zəng edib deyir ki, yazılan qiymət sərf etmir, 40 manata razısansa, gəlim, imtina edirəm.
İkinci sifariş verirəm, düşünürəm ki, bəlkə nəsə səhvdir. Bu dəfə 25 manat göstərir, yenə sürücü zəng edir, həmin qiymətə yox, “40 manata gedirsənsə, gəlim” deyir”.
Maraqlıdır, sürücünün bunu etməyə haqqı varmı?
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib ki, sözügedən davranış hər bir sürücünün razılaşdığı xidmət şərtlərinin pozulması deməkdir və şirkət davranışının əleyhinədir.
Qeyd olunub ki, “Bolt” xidmətinin istifadəçiləri bu cür hallarda müştəri hüquqlarının, təhlükəsizliyinin və məmnunluğunun pozulmasına dair şikayət və təkliflərini mütləq Bolt tətbiqi vasitəsilə bölüşsünlər.
Şirkət tərəfindən hadisənin təhlil olunmasından sonra, əgər bu cür hallar təkrarlanarsa, sürücünün müvəqqəti və ya daimi olaraq bloklana biləcəyi və bundan sonra “Bolt” platforması vasitəsilə xidmət göstərməsinin mümkün olmayacağı nəzərə çatdırılıb:
“Əlavə olaraq, qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı sürücülərlə müntəzəm müzakirələr aparılır və müştəri bu problemi bildirərsə, bloklanacağı barədə xəbərdarlıq edilir”.
Aslan Əsədov, Nəqliyyat eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirilib ki, Azərbaycanda qiymətlərin təyin edilməsi aqreqatorların tələbi ilə baş verir. Yəni, qiymətlər biz yox, vahid tarif paketi yox, ümumi aqreqator tərəfindən tənzim olunur və təyin edilir.
Qiymət siyasətindən danışan ekspert qeyd edib ki, əvvəllər müştəri məmnuniyyəti vardı və hər kəs qiymətdən razı idi.
A.Əsədov son zamanlar qiymətlərin dəyişdiyini və bahalaşmanın müşahidə olunduğunu nəzərə çatdıraraq söyləyib ki, bununla bağlı sosial şəbəkələrdə də, saytlarda da müəyyən addımlar atılmağa, insanlar paylaşımlar etməyə başlayıb:
“Belə hallar insanlarda çaşqınlıq yaradır və belə paylaşımların edilməsi bu çaşqınlığın araşdırılması, ümumi məsələyə baxış, bu məsələlərin bir daha təkrar olunmaması və gündəmdə olmasına imkan yaradır. Bu özü də müsbət bir haldır ki, məsələ gündəmdə olur, insanların diqqətində olur və bu işlə məşğul olan şəxslər bir daha əmin olurlar ki, heç də insanları aldatmaq olmaz, insanlara qiymət fərqi çıxartmaq olmaz və bu zaman ehtiyyatlı olmaq lazımdır”.