Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?backend

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-dən etibarən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə bu gün keçirdiyi buraxılış (qəbul) imtahanlarının cavab vərəqlərinin və imtahan protokollarının emalına başlayacaq.

Mərkəzdən Busaat.az-a verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.