Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara münasibət bildirib.
Busaat.az “Report”a istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.
Direktor bütün söz-söhbətlərin teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandığını vurğulayıb.
Onun sözlərinə görə, yubiley günü nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən sonra teatr planı qaldırılıb:
“Bununla bağlı müraciət etdim və plan bir qədər aşağı salındı, yoxlamalar başladı. İki gün sonra Fərəh Acalova (nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri – red) görüşmək istədiyini bildirdi, amma etiraz etdim”.
R.Əhmədzadə bildirib ki, yoxlamalar başlayandan bir neçə gün sonra nazir Anar Kərimovla görüşüb:
“Əməkdaşların nazirlə görüşmək istəyini dedim. Haqsız olaraq teatrda korrupsiya faktlarının olması ilə bağlı söz-söhbətlər yayılıb. Belə bir şey ola bilməz. Baş verənlərdən anladım ki, burada ciddi oyun gedir. Kukla Teatrında korrupsiya ola bilməz”.