Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden prezidentliyə namizədliyini geri çəkib.
Onun namizədliyini geri çəkməsinin müxtəlif nəticələrə səbəb olacağı gözlənilir. Bu hadisə daxili siyasət, partiya strategiyası və seçkilər baxımından əhəmiyyətli təsirə malikdir.
Baş verənlər ölkədaxili rəqabəti artıracaq və yeni liderlərin ortaya çıxmasına şərait yaradacaq.
Qeyd edək ki, potensial namizədlər arasında Kamala Harris və Pit Butiqieq kimi tanınmış simalar ola bilər. Yeni namizədin seçilməsi ölkənin seçki strategiyasını yenidən müəyyənləşdirəcək.
Baş verənlərin fonunda hadisələrin axarı hansı yönə dəyişəcək?
Politoloq Kazım Kazımov Bakıvaxtı.az-a bildirib ki, bu hadisənin baş verməsi gözlənilən idi:
“Bayden artıq qocalıb, 84 yaşı var. Təbii ki, onun namizədliyini geri çəkməsi gözlənilən idi. Çünki ona həm cəmiyyətdən, mətbuatdan, həmçinin, ailəsi daxilindən çox böyük təzyiqlər var. Baydenin sağlamlıq problemləri və xəstəliyi onun bu vəzifə üçün ideal namizəd olmadığını bir daha ortaya qoyurdu. Olanlar ABŞ prezidentinin imicinə böyük zərbə vurdu. Super güc olaraq tanınan ABŞ-nin belə biri tərəfindən idarə edilməsi cəmiyyət tərəfindən yolverilməz olacaqdı”.
Kazım Kazımov: Kamala Harrisin şansı çox aşağıdır
Müsahibimiz onun rəqibi Donald Trampın üstünlüyü məsələsinə də aydınlıq gətirib:
“Onun qarşısında dayanan şəxs Donald Tramp kimi ciddi biri idi. Əgər onunla rəqib olan şəxs daha melanxolik biri olsaydı, Baydenin qalib gəlmək şansı var idi. Lakin Trampın teledebatdakı çıxışı və digər nüanslar onu sübut etdi ki, Baydenin yenidən prezidentlik vəzifəsinə seçilməsi çox böyük sual altında idi”.
Ekspert Baydenin hakimiyyəti dövrünü də şərh edib:
“Baydenin prezidentliyini o qədər də uğurlu adlandırmaq olmaz. Əfqanıstanda baş verən fiaskolar buna sübutdur. Bölgədə xarici siyasət daha da pis vəziyyətə düşdü”.
Kamala Harrisin namizədliyi ilə bağlı da söz açan siyasi şərhçi onun Tramp qarşısında şansının az olduğunu deyib:
“Düzdür, siyasətdə nəyin necə olacağını bilmək olmaz. Amma Kamala Harrisin Tramp qarşısında şansı çox aşağıdır”.
Ekspert rəyi və cəmiyyətdə formalaşan bütün fikirlərə uyğun çox söz demək olar. Amma bu nəticələr hipotetikdir və real siyasi proseslərə görə dəyişə bilər. Baş verən dəyişikliklərin nəticələrini gələcəkdə daha dəqiq qiymətləndirmək mümkün olacaq.