AMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşkarladığım neqativ və cinayət əməlləri səbəbindən əsassız olaraq məni vəzifədən azad etdilər.
Busaat.az xəbər verir ki, bunu Kult.az-a açıqlamasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Sevil Zülfüqarova deyib. O bildirib ki, 8 aylıq fəaliyyəti dönəmində kitabxanada üzə çıxardığı saxtakarlıqlardan sonra onunla bağlı belə bir qərar verilib:
“Bu vəzifəyə təyin edildikdən sonra kitabxanada ciddi islahatlar həyata keçirmişik. Üzə çıxardığım neqativ hallar AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başlamışdı. Ötən həftənin əvvəlində COVİD-19-a yoluxmağıma baxmayaraq, mənim işə gəlməyimi təkid edərək işdən çıxarılacağımla hədələyirdilər. Əslində isə məni 2014-2019-cu illər ərzində kitabxanada baş verən nöqsanları açıq şəkildə bildirdiyimə, təqsirkar şəxslərin cəzalandırılmasını tələb etdiyimə görə vəzifədən azad etdilər”.
S.Zülfüqarova aşkarladığı oğurluq və nöqsanların bir hissəsini açıqlayıb:
“2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hazırda 1 milyon 383 min 610 kitablıq fondu qalıb. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da, tətbiq edilməyib. Əvəzində “kustar” üsulla sertifikatsız, lisenziyasız proqram yığılıb və ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinib. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin kitabxanadakı kompüterlərin və digər texniki avadanlıqların da lisenziyası yoxdur. Bu azmış kimi 122 min 567 manat dəyərində 113 kompüter, 18 proyektor oğurlanıb.
Bundan başqa, 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238 min 449 manat olan 42 adda avadanlıq (dəyəri 35 min manat olan book-driver, 23 min kitab üçün dezinfeksiyaedici aparat – şkaf, 28 min 500 manat dəyərində Printer Manaxron H.plaz.r., 18 min manat dəyərində surətçıxarma aparatı “Konika”, 14 min manat dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz və s.) MEK-dən çıxarılıb. Bu gün MEK-in Bərpa konservasiya şöbəsində bərpaya ehtiyacı olan minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.
2014-cü ilə qədər elektron kitabxananın yaradılması, minlərlə PDF faylı MEK-in elektron bazasında öz əksini tapmayıb.
2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15 min 37 nüsxə kitab göstərilsə də, hazırda fondda 10 min 15 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə kitab isə müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da “oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.
Həmçinin 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun “C” formatında (“C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara inventar nömrələri yazaraq “C” formatına qoyulub ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyil. Beləliklə, yoxlama zamanı “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olundu (Şöbə müdirinin izahatı əsasında). MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılıb.
Bundan başqa, MEK-də 2014-cü ilə qədər çalışmış ixtisaslı kadrların siyahısına nəzər yetirdikdə, 2014-2016-cı illər ərzində onlarla savadlı, bacarıqlı, ixtisaslı kadrın işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının hansı səbəbdən baş verdiyi məlum deyil. Yeni direktor vəzifəsinə təyin edildiyim keçən 8 ay pandemiya şəraitinə təsadüf etdiyinə baxmayaraq, qısa müddət ərzində fondun böyük bir hissəsi zirzəmidən, suyun içərisindən çıxarılaraq yuxarı mərtəbələrə daşınıb. Lakin nöqsanları aradan qaldırmağa çalışsaq da, kitabxananın sıfra enmiş nüfuzunu tam bərpa etmək mümkün olmadı”.
Keçmiş MEK direktoru qarşılaşdığı haqsızlığa görə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib.
Qeyd edək ki, AMEA noyabrın 20-də keçirilən iclasda Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarovanı MEK-in direktoru vəzifəsindən azad olunması barədə məlumat yaymışdı.