Bir çox ərazilərdə qəssablar heyvan kəsimlərini küçədə, mağazanın önündə, insanların ötüb keçdiyi yerlərdə həyata keçirirlər. Hər nə qədər alıcını inandırmaq məqsədi daşısa da, bu mənzərələr bir çoxlarına psixoloji olaraq da mənfi təsir edə bilir.
Bəs heyvan kəsimləri harada edilsə, daha məqsədəuyğun hesab olunar? Bununla bağlı hansı tədbirlər görülməlidir? Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a bildirdi ki, 2018-ci ildə Qida Təhlükəsizli Agentliyinin (AQTA) yarandığı gün Azad İstehlakçılar Birliyinin bayram etdiyi gün idi:
“Biz fikirləşdik ki, bu agentlik yaranandan sonra bir çox məsələlər, o cümlədən küçə kəsimi qurtaracaqdı, yox olacaqdı. AİB daim küçə kəsiminin yığışdıırlması ilə bağlı mübarizə aparıb. Əlbəttə, ildən ilə bu sahədə dəyişiklik gedib. Vaxtilə Bakı-Sumqayıt yolunda çoxlu küçə kəsimi var idi. Hətta mən xaricdən gələn qonaqlarımı Sumqayıta aparırdım və çox çətin bir yoldan istifadə etdim ki, Bakı-Sumqayıt yolunda mənim qonağım yatdı, o mənzərəni görmədi. Çox utanverici bir vəziyyət idi. Şükür Allaha, onlar daha dəyişib və ildən-ilə bu mənzərə müsbətə doğru gedir”.
AİB sədrinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi qarşıya qoyduğu hədəfə qətiyyən nail ola bilmir:
“Baxmayaraq ki, küçə kəsiminə cavabdeh təkcə AQTA deyil, həm də yerli icra hakimiyyəti orqanları və yerli polislərdir. Çox təəssüf ki, bu hal yenə də mövcuddur, hətta AQTA və yerli icra hakimiyyəti orqanları bu halların bəzilərini leqallaşdırıblar. Yəni burada kəsmək olar, lakin içəridə, gizli bir şəraitdə olmalıdır ki, insanlar görməsin. Biz hətta görürük ki, məsəl üçün, Bakı-Xırdalan yolunda, Şamaxı yolunun qırağında heyvanın başı, ayaqları və s. asılıb. Yaxud Bakı Təhsil İdarəsinin cənub tərəfində bu yaxınlara qədər küçədə şəhərin içində böyük heyvanı bağlayırlar ki, əhali görsün. Səbəb isə odur ki, istehlakçıların AQTA-ya, baytarlara inamı yoxdur. Hərçənd ki, onlar bu inama malik olmalıdırlar, çünki vəziyyət dəyişib. Əvvəlki zamanlarda baytarlıq möhürləri elə kəsənlərin cibində olurdu, yalandan möhür vururdular və s. Bu sahədə sovet hökumətindən qalmış bir ədalət qanunu hökm sürür. Əhali inanmır ki, mağazalarda satılan ət təmiz ət ola bilər, ona görə də gördüyünü almaq istəyir”.
Eyyub Hüseynov qeyd etdi ki, bu məsələ ilə inzibati yollarla mübarizə aparmaq mümkün olmayacaq:
“Ona görə də əsas məsələ istehlakçıların maarifləndirilməsi, istehlakçılara inamın qazanılması məsələsidir ki, AQTA buna nail ola bilmir. Yəni agentlik istehlakçıları öz “valantyor”larına çevirməlidir və onlar bu kəsim yerlərini boykot etməlidirlər. Təəssüf ki, buna nail olunmayıb. Azad İstehlakçılar Birliyi də neçə illərdir iş aparır ki, boykot olunsun. Lakin istehlakçının şüurunu dəyişmək o qədər də asan məsələ deyil. Adətən heyvanları çox sübhdən kəsirlər, reklam xatirinə başını çöldə qoyurlar. Məktəblilər də görür. Ona görə də bu məsələ kökündən həll olunmalıdır. Bu, Azərbaycanın adına böyük minusdur. Azad İstehlakçılar Birliyi çalışacaq ki, AQTA-nın bu hədəfə çatması üçün mümkün olanları etsin. İstehlakçılar inansınlar və əti gedib dükanlardan alsınlar”.
Sədr onu da əlavə etdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, dükanlarda satılan bütün mallar, o cümlədən ətlər fasofka olunmalıdır və onun üzərində buraxılma tarixi, son yararlıq müddəti, hansı təsərrüfatdan gəldiyi göstərilməlidir:
“Çox təəssüf ki, bu da yoxdur. Əgər AQTA dükanlarda bunu həyata keçirsə və orada bir qaynar telefon xətti olsa və s. istehlakçılar inanar. Bütün məsələlər həll olunmalıdır ki, insanlar üzünü dükanlara tutsunlar və küçə kəsimi boykot olunsun. Bir də ki, heyvanların identifikasiyası məsələsi, yəni heyvanlar anadan olandan onun izlənmə sistemi hələ ki, Azərbaycanda tətbiq olunmur. Xüsusən fərdi təsərrüfat səviyyəsində qətiyyən tətbiq olunmur, baxmayaraq ki, iki il yarım bundan öncə mən hörmətli Qoşqar Təhməzlinin müavini Rəşad Mafusov ilə görüşəndə dedi ki, bir ilə biz bu məsələni həll edəcəyik. Heyvanların identifikasiyası həll olunandan sonra yəqin ki, küçə kəsimi tamam yığışdırılacaq”.